Logo
news content
User
Kateqoriyalar

Xəbər

Si Trampa deyibmiş ki, Putin Ukraynanı işğal etdiyinə peşman ola bilər – FT

Çin lideri Si Cinpin ötən həftə Pekindəki görüşdə ABŞ prezidenti Donald Trampa deyib ki, Rusiya rəhbəri Vladimir Putin Ukrayna müharibəsinə görə sonda peşman ola bilər. Bu barədə "The Financial Times" (FT) qəzeti ABŞ rəsmilərinin hesabatından xəbərdar olan mənbələrə istinadən məlumat yayıb.

Nəşr yazır ki, bu bəyanat S.Cinpinin Ukrayna müharibəsi ilə bağlı fikrinin dəyişdiyini göstərir. Belə ki, Çin liderinin ABŞ-nin keçmiş prezidenti Co Baydenlə görüşlərində Putin və müharibə haqqında heç vaxt bu tonda danışmadığı bildirilir.

FT Vaşinqtonun Çindəki səfirliyindən şərh ala bilməyib. Ağ ev də məsələyə münasibət bildirməkdən imtina edib. Tramp administrasiyası bazar günü — mayın 17-də Pekin sammiti ilə bağlı rəsmi sənəd yayımlasa da, orada Putin və Ukrayna müharibəsinə dair müzakirələr yer almayıb.

Si-Tramp sammitindən dörd gün sonra — bu gün, mayın 19-da Putinin Çinə rəsmi səfəri gözlənilir. Rusiya lideri 2022-ci ilin fevralında Ukraynaya qarşı tammiqyaslı müharibəyə başlamazdan üç həftə əvvəl də Çinə səfər etmiş və S.Cinpinlə "limitsiz tərəfdaşlıq" bəyanatı imzalamışdı.

Kremlin rəsmi proqramına əsasən, Rusiya prezidenti iki gün ərzində Çin Xalq Respublikasının sədri S.Cinpin və Çin Dövlət Şurasının baş naziri Li Çyan ilə görüşəcək. Danışıqlarda "ikitərəfli münasibətlərin ən həssas məsələləri", beynəlxalq gündəm, eləcə də "Sibirin Gücü-2" qaz kəməri layihəsi müzakirə olunacaq.

Avropa İttifaqı, ABŞ və Ukrayna rəsmiləri Pekinin Putinə təzyiq mexanizmlərindən istifadə edərək Ukraynadakı müharibəni dayandıra biləcəyini dəfələrlə vurğulayıblar.

Ukrayna prezidenti Volodimir Zelenski Çinin Rusiya ordusunu silahla təmin etdiyi və bəzi silah növlərinin Rusiya ərazisində birgə istehsalına qoşula biləcəyi qənaətindədir.

ABŞ, Çin və Rusiya BCM-ə qarşı birləşir?

Mənbələrin məlumatına görə, D.Tramp sammitdə ABŞ, Çin və Rusiyanın Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı birgə fəaliyyət göstərməsini təklif edib və bu məsələdə hər üç ölkənin maraqlarının üst-üstə düşdüyünü vurğulayıb.

Tramp administrasiyası daha əvvəl də BCM-ə qarşı sərt mövqeyi ilə seçilib, onu siyasiləşməkdə və səlahiyyətlərindən sui-istifadədə ittiham edib. Vaşinqtondakı bəzi rəsmilər bu məhkəməni Amerikaya qarşı "hüquqi müharibə" aləti adlandırırlar.

Ağ ev Trampın BCM ilə bağlı fikirlərinə də münasibət bildirməyib.