Sentyabrın 7-dən nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
30 Avqust 2024
Sentyabrın 7-dan Bakı Şəhər Halqasının əhatə etdiyi ərazilər və keçdiyi küçələr nəqliyyatın hərəkəti üçün bağlı olacaq.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin məlumatına görə, sentyabrın 13-dən 15-dək keçiriləcək Formula- 1 Qatar Airways Azərbaycan Qran Prisi- 2024 ilə əlaqədar sentyabrın 7-də gecə saat 1:00-dan Puşkin küçəsinin Üzeyir Hacıbəyov küçəsi və Neftçilər prospekti ilə kəsişməsində olan hissəsi nəqliyyatın hərəkəti üçün məhdudlaşacaq. Məhdudiyyət tədbirin sonunadək davam edəcək.
Bununla yanaşı, Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər sentyabrın 9-da gecə saat 1:00-dan nəqliyyatın hərəkəti üçün bağlı olacaq.
Nəqliyyatın hərəkəti sentyabrın 17-də səhər saat 8:00-dan etibarən bərpa olunacaq.
Nəqliyyatın hərəkət məhdudiyyəti 3 zonada tətbiq ediləcək.
Birinci zona yarış halqasının əhatə etdiyi İçərişəhər ərazisi, ikinci “Azadlıq” meydanı və onun yaxınlığında yerləşən digər küçələr, üçüncü zona isə BMT-nin 50 illiyi küçəsinin keçdiyi ərazidir.
Yarışın keçirildiyi müddətdə qeyd olunan ərazilərə nəqliyyatın giriş-çıxışı üçün “Yaşayış Yerinə Giriş İcazəsi” veriləcək.
Hər il olduğu kimi, bu il də Formula- 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024 müddətində piyadaların hərəkətinə heç bir məhdudiyyət qoyulmayacaq.