Logo
news content
User
Kateqoriyalar

Xəbər

Saleh Rüstəmov: “Dedilər təyyarə bileti hazırdır, çıx get” - MÜSAHİBƏ

Keçmiş məhbus Saleh Rüstəmov iyulun 7-də Novator.az-ın suallarını cavablandırıb.

Rusiya vətəndaşı olan Saleh Rüstəmov paytaxt Moskvada yaşayır. 2018-ci ildə Azərbaycanda tutularaq məhkum edilib, 2022-ci il mayın 28-də azadlığa buraxılaraq vətəndaşı olduğu ölkəyə göndərilib.

– Əfv sərəncamı ilə azadlığa çıxdığınız gün Sizi dərhal Rusiyaya göndərdilər. Azərbaycanda qalmağınıza imkan verilmədi?

– İmkan verilmədi. Üç-dörd gün vətəndə qalmaq planım vardı. Qoymadılar.

Mən Rusiyadan 2018-ci ildə çıxmışam. Xarici pasportumun vaxtı bitmişdi. Penitensiar Xidmətin Müalicə Müəssisəsində olanda pasportu Rusiya səfirliyinə göndərmişdilər ki, yenisi hazırlansın. Lakin mən həbsdən çıxana kimi pasport hazır olmadı.

Həbsdən buraxılan kimi dərhal Rusiya səfirliyinə gedib pasportu müvəqqəti əvəz edən sənədi götürdüm. Bir neçə gün qalmaq, bacı-qardaşla, qohumlarla dərdləşmək, ata yurdum Gədəbəyə getmək fikrim vardı.

Rusiya səfirliyindən çıxıb Novxanıya yollandım, qohumlarımla görüşməyə. Yolda zəng gəldi, hara getdiyimi soruşdular. Sanki məni peyklə izləyirdilər. Dedilər təyyarə bileti hazırdır, çıx get.

Cavab verdim ki, indi getmək istəmirəm, qohum-əqrəbaya baş çəkməliyəm. Qayıtdılar ki, onda səni deportasiya edəcəklər… Mən də məcbur olub döndüm aeroport yoluna, uçub gəldim Moskvaya.

– Rusiyaya çatarkən və ya sonrakı günlərdə Sizi sorğu-suala tutublarmı, Azərbaycanda nəyə görə tutulub mühakimə olunduğunuzu soruşublarmı?

– Moskvaya çatanda, aeroportun sərhəd məntəqəsində məni bir neçə saat saxladılar, yüngülvari sorğu-sual oldu. Bir otağa aparıb nəyə görə tutulduğumu soruşdular… Söhbət əsnasında başa düşdüm ki, haqqımda hər şeyi bilirlər. Ondan sonra hər hansı sorğu-sual olmayıb.

– Hazırda nə işlə məşğulsunuz? Bir müddət aclıq aksiyası keçirmişdiniz, səhhətinizdə problemlər yaranmışdı, indi vəziyyətiniz necədir?

– Pis deyiləm. Səhhətimlə, bir də sənədlərimi qaydaya salmaqla məşğulam.

– Həbsdən əvvəl ayaqqabı biznesiniz, dükanınız olduğu bildirilirdi.

– Həmin obyekt durur.

– 2019-cu ildə Sizə hökm oxunarkən xeyli əmlakın müsadirə olunmasına da qərar verilmişdi. Bu məsələ nə yerdədir?

– Əmlaklara həbs qüvvədə qalır. Əfv olunsam da, bu məsələ üzrə ayrıca qərar verilməlidir. Vəkilim o işlə məşğuldur. Hələ heç bir yenilik yoxdur.



1992-1993-cü illərdə – Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti vaxtı Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı postunu tutmuş Saleh Rüstəmov Birinci Qarabağ müharibəsinin veteranıdır.

1997-ci ildən Rusiyada yaşayan Saleh Rüstəmov ticarət sahəsində fəaliyyət göstərib. 2018-ci il mayın 8-i Azərbaycanda tutulub, bir qrup şəxslə birgə qanunsuz sahibkarlıqda, pul vəsaitlərini qanunsuz leqallaşdırmaqda təqsirləndirilib. İttihama görə, Saleh Rüstəmov AXCP-ni qanunsuz maliyyələşdirib, tutulan digər şəxslər bu işdə ona yardımçı olublar.

2019-cu il fevralın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsi Saleh Rüstəmova 7 il 3 ay azadlıqdan məhrumetmə cəzası kəsib, ona və qohumlarına məxsus daşınmaz əmlakların müsadirə olunmasını (Gədəbəy şəhərində qardaşının həyat yoldaşının adına olan ikimərtəbəli qeyri-yaşayış sahəsi; qardaşının adına 0,5 hektar torpaq sahəsi və üzərində qeyri-yaşayış sahəsi; qardaşına məxsus fərdi yaşayış evi; 70 kvadratmetrlik qeyri-yaşayış sahəsi; fərdi yaşayış evi; 0,6 hektar torpaq sahəsi; 0,5 hektar torpaq sahəsi; 0,2454 hektar həyətyanı torpaq sahəsi; bacısının adına Abşeron rayonunun Novxanı kəndində 0,1 hektar, Qobu qəsəbəsində 0,08 hektar torpaq sahələri; Gədəbəy-Novosaratovka şosesinin kənarında 0,5 hektar torpaq sahəsi; qardaşının həyat yoldaşının adına Gədəbəy rayonunun Qumlu massivində 0,1 hektar torpaq sahəsi) hökm edib.

2019-cu il sentyabrın 25-də Ali Məhkəmə həmçinin qanunsuz narkotik vasitə saxlamada ittiham olunan Saleh Rüstəmovun cəzasını 2 ay azaldıb.

2021-ci il noyabrın 6-da Saleh Rüstəmov həbsdən buraxılması tələbi ilə aclıq aksiyasına başlayıb. Noyabrın 8-də o, Bakıdakı 13 saylı Cəzaçəkmə Müəssisəsindən Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb, dekabrın 16-da ailə üzvlərinin, qohumlarının və ictimaiyyət nümayəndələrinin təkidli xahişlərindən sonra aclığı dayandırıb.

Prezident İlham Əliyevin 27 may 2022-ci ildə imzaladığı əfv sərəncamı ilə Saleh Rüstəmov cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Bir çox yerli və beynəlxalq hüquq müdafiə təşkilatı Saleh Rüstəmovu siyasi məhbus kimi tanıyıb. (Novator)