Logo
news content
User
Kateqoriyalar

Xəbər

Saakaşvili 42,4 kiloqram arıqlayıb

Gürcüstan ombudsmanı nəzdində həkimlər şurasının üzvləri dekabrın 4-də paytaxt Tbilisidəki “Vivamedi” Tibb Mərkəzində sabiq prezident Mixail Saakaşviliyə baş çəkib. Həkim Tengiz Suladzenin dekabrın 5-də verdiyi açıqlamaya görə, sabiq prezident həbs müddətində 42 kiloqramdan çox arıqlayıb. Tutularkən 116 kiloqram çəkisi olan sabiq prezidentin çəkisinin 73,6 kiloqrama düşdüyü xəbər verilir.

Tengiz Suladze Mixail Saakaşvilinin səhhətinin ağır olduğunu vurğulayıb, qeyd edib ki, orqanizmin hədsiz üzülməsi sayılan kaxeksiya həyat üçün çox təhlükəlidir.

Novator.az bildirir ki, Mixail Saakaşvili 1967-ci ildə Tbilisidə doğulub. Kiyev Milli Universitetinin Beynəlxalq Əlaqələr İnstitutunu bitirib, həmçinin Fransanın Strasburq şəhərindəki Beynəlxalq İnsan Hüquqları İnstitutunda, ABŞ-ın Kolumbiya və Corc Vaşinqton universitetlərində təhsil alıb.

İki dəfə parlamentin deputatı seçilib, ədliyyə naziri, Tbilisi meri olub.

2003-cü ildə dinc inqilaba başçılıq edən Mixail Saakaşvili 2004-2013-cü illərdə Gürcüstanın dövlət başçısı postunu tutub.

2013-cü ildə ölkəsini tərk edib.

2015-ci ildən Ukraynada yaşayan sabiq prezident bu ölkədə vətəndaşlıq alıb, həmin il dekabrın 4-də Gürcüstan vətəndaşlığından məhrum edilib.

2017-ci il iyulun 25-də Ukrayna vətəndaşlığından çıxarılıb, 2018-ci il fevralın 12-də ölkədən deportasiya edilib.

2019-cu ildə Mixail Saakaşvilinin Ukrayna vətəndaşlığı bərpa olunub, 2020-ci ildən o, Ukrayna Milli İslahat Şurasının İcra Komitəsinə başçılıq edib.

Mixail Saakaşvili Gürcüstanda müxtəlif cinayət işləri üzrə qiyabi məsuliyyətə cəlb olunub. 2018-ci il yanvarın 5-də Tbilisi Şəhər Məhkəməsi ona 3 il, iyunun 28-də 6 il müddətinə azadlıqdan məhrumetmə cəzaları kəsib.

2021-ci ilədək Tbilisi Şəhər Məhkəməsinin icraatında daha iki cinayət işi olub.

2021-ci il sentyabrın 29-da gizli yolla Gürcüstana dönən sabiq prezident oktyabrın 1-i paytaxt Tbilisidə tutulub, Rustavi şəhərindəki həbsxanaya yerləşdirilib.

Oktyabrın 20-də Gürcüstan Prokurorluğu Mixail Saakaşviliyə dövlət sərhədini qanunsuz keçmək ittihamı irəli sürüb. Bu iş də Tbilisi Şəhər Məhkəməsinin icraatına verilib.

Tutulandan sonra sabiq prezident iki dəfə aclıq aksiyası keçirib (1 oktyabr-20 noyabr 2021-ci ildə və 21 fevral-10 mart 2022-ci ildə).

Hazırda ana müxalifət sayılan Vahid Milli Hərəkat Partiyasının qurucusu olan Mixail Saakaşvili Mixail Saakaşvili “Vivamedi” Tibb Mərkəzinə 2022-ci il mayın 12-də köçürülüb. Yaxınları, tərəfdarları və vəkilləri onun azadlığa buraxılmasını, xaricdə müalicə olunmasına şərait yaradılmasını tələb edirlər.