Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyaya ilk zərbə - Almaniya “Şimal axını-2”nin sertifikasiyasını dayandıdı

“Rusiya-Ukrayna münaqişəsinin kəskinləşməsi fonunda Almaniya hökuməti Rusiya-Almaniya qaz kəmərinin “Şimal axını 2” layihəsinin sertifikasiya prosesini dayandırır”.

Bunu Almaniyanın kansleri Olaf Şolts söyləyib.

Onun sözlərinə görə, ölkənin İqtisadiyyat Nazirliyinə artıq müvafiq tapşırıqlar verilib:

“Şimal axını – 2”nin dayandırılması rəsmi Moskavaya aydın siqnaldır ki, belə hərəkətləri fəsadsız ötüşməyəcək”.

Kansler bildirib ki, Rusiyanın dünyada dəstəyi yoxdur.

Qeyd edək ki, “Şimal axını – 2” Rusiyadan Baltik dənizi üzərindən Almaniyaya çəkilən 1 234 km uzunluğunda magistral qaz xəttidir və “Şimal axını” qaz xəttinin genişlənməsini nəzərdə tutur. Onun cari ilin əvvəlində istismara veriləcəyi gözlənilirdi. “Şimal axını – 2”nin təsisçisi “Qazprom”dur. “Qazprom”un 2017-ci il məlumatına görə, layihənin dəyəri 9,5 milyard avro təşkil edib ki, bunun da yarısı Avropa şirkətləri “Engie”, OMV, “Shell”, “Uniper” və “Wintershall Dea” tərəfindən maliyyələşdirilib.

Xatırladaq ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.

Qərb ölkələri, o cümlədən Türkiyə və Gürcüstan Rusiyanın bu addımını pisləyib və bunun beynəlxalq hüquqa zidd olduğunu açıqlayıblar.

Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yardımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.