Rusiyanın ən gənc siyasi məhbusu idi. Dünən onun 18 yaşı tamam olub
20 Avqust 2026
Arseni Turbin 18 yaşını Permdəki 5 saylı istintaq təcridxanasında təkadamlıq kamerada keçirir.
Ona fevralda yeni ittihamlar hazırlandığından oraya köçürülüb. Turbin 2023-cü ildə, 15 yaşı olanda Rusiya prezidenti Vladimir Putini tənqid edən vərəqələr yaydığına, müxalif siyasətçilərin paylaşımlarını bölüşdüyünə görə saxlanılıb. O həm də Moskvanın Ukraynaya qarşı genişmiqyaslı işğala etiraz edirdi.
Turbin onda Rusiyanın ən gənc siyasi məhbusu idi.
“Vəkil onun anasına dedi: ‘İrina, narahat olmayın. O, etiraz edən 14 yaşlı uşaqdır... Onu doğrudanmı təhlükə kimi görəcəklər?’” – dostlarından biri AzadlıqRadiosunun rus xidmətinə bildirib.
AzadlıqRadiosu təhlükəsizlik səbəbindən onun və bu yazıda istinad edilən digər şəxslərin adlarını açıqlamır. Radio Rusiyada “arzuolunmaz təşkilat” elan edilib.
Həbsxanada keçən gənclik
Turbin 2024-cü ilin iyununda terror təşkilatına üzvlükdə təqsirli bilinərək 5 illik azadlıqdan məhrum edilib.
Söhbət müharibədə Ukrayna qüvvələri ilə bir cərgədə döyüşən “Azad Rusiya Legionu”ndan gedir. Turbin qrupa elektron məktub göndərib, “plakatlar yapışdırmağa və Putinin təbliğatı ilə mübarizəyə hazır olduğunu” bildirib. Di gəl, prokurorların iddiasına görə, o, Ukraynaya getməyi, hərbi obyektlərə qarşı diversiyalar törətməyi planlaşdırıb.
Turbin bunu inkar edir. O, Putini tənqid edən vərəqələri qonşuların poçt qutularına atdığını etiraf edib, amma bunu heç kimin göstərişi ilə etmədiyini bildirib. Ailəsinin sözlərinə görə, ona etirafedici ifadə imzaladıblar, legion üçün işlədiyini etiraf edib.
Turbin 2024-cü ildə həbsxanada ölən müxalifətçi Aleksey Navalnının paylaşımlarını da bölüşüb və Moskvada onun məzarını ziyarət edib.

Arseni Turbin Aleksey Navalnının məzarı başında
Ailənin dostlarının dediyinə görə, Turbinin Permdəki islah müəssisəsində keçirdiyi ilk vaxtlardan ona qarşı yeni ittihamlar üçün əsas yaratmaq cəhdləri olub. Əvvəlcə digər məhbuslar onu öz əleyhinə ifadə verə biləcəyi söhbətlərə cəlb etməyə çalışıblar. Daha sonra çarpayısının yanındakı dolaba qadağan olunmuş gənclər qrupunu dəstəkləyən qeydlərin olduğu dəftər qoyulub.
Vəkilləri həmin dəftərin ona heç bir aidiyyəti olmadığını göstərən sübutlar təqdim ediblər.
Yeni ittihamlar
Amma bu il vəziyyət ciddiləşib.
Yanvarın 7-də islah müəssisəsində iğtişaş olub. Turbin həmin iğtişaşda iştirak etməkdə ittiham olunub. Yeni ittihamlar üzrə ona əlavə 3 ildən 8 ilədək həbs cəzası verilə bilər.
Turbinin ailəsinə dediyinə görə, hadisə zamanı kamerasında televizora baxırmış. Ailəsi deyir, yeni cinayət işi onun ilkin ittihamları rədd etməsinə görə “qisasıdır”.
“Birinci şöbə” hüquqi yardım təşkilatının vəkili Yevgeni Smirnov bildirib ki, hakimiyyət məhbusları “sındırmaq” üçün onlara əlavə ittihamlar irəli sürür.
Turbinin ailəsi nənə və babasının kiçik pensiyaları ilə dolanır. Bu pulla vəkil xərclərini, Permə ziyarət məsrəflərini də çəkirlər.
Turbin tək deyil
Turbin saxlananda Rusiyanın ən gənc siyasi məhbusu idi. Amma indi tək deyil.
Rusiyada qadağan edilmiş “Memorial” hüquq müdafiə təşkilatı bu ilin iyununda bildirirdi ki, “azyaşlıların siyasi motivli cinayət təqibinə məruz qalması ilə bağlı 427 hal” sənədləşdirilib. Hesabata görə, “18 yaşına çatmamış 299 nəfər azadlıqdan məhrum edilib. Hazırda 107 uşaq həbsdədir”.
Qurum real rəqəmlərin daha yüksək ola biləcəyini bildirib.
Qrafiti, vərəqələrin yayılması, sosial şəbəkələrdə müharibə əleyhinə paylaşımların terror aktı kimi tövsif edildiyi deyilir.
“Cinayət işləri digərlərinə gözdağı vermək məqsədilə gəncləri qorxutmaq vasitəsinə çevrilib”, – hesabatda deyilir.
Üç yeniyetmə 14 yaşında saxlanılıb. Onlardan Nikita Udarova 5 il həbs cəzası kəsilib. Onun “Minecraft” videooyununda FSB qərargahı yaratdığı və onu partlatmağı planlaşdırdığı iddi olunur.
Valeri Zaytsev terror aktı planlaşdırdığı ittihamı ilə 4 il 6 ay həbsə göndərilib.
Artyom Doroninin dəmiryol stansiyasında sənəd dolabını yandırmağa çalışdığı iddia edilir, terrorçuluq ittihamı ilə 4 il həbs cəzası kəsilib.
Turbinin ailəsi hazırda bir məsələdən narahatdır – avqustun 19-da 18 yaşı tamam olunca cəzasının qalan hissəsini çəkmək üçün hara göndəriləcək. Ailəsi onun Permdən də uzağa göndərilə biləcəyindən narahatdır.
Turbinin vəkilləri işə yenidən baxılması üçün yuxarı instansiya məhkəməsinə, həm də şəxsən Putinə müraciətlər hazırlayırlar.