Rusiyalıları müharibəyə zorla göndərirlər. Patrullar növbə çəkir
27 Avqust 2026
Rusiyalıların Ukraynadakı müharibəyə zorla göndərilməsi halları artır. Bu zaman onlardan ölkədə əsas şəxsiyyət sənədi sayılan “daxili pasport” tələb edilir.
Elə iyulun 23-də mülki geyimli bir neçə kişi təhlükəsizlik şirkətinin əməkdaşı Sergey Teplyakovun evinə gələrək ondan sənədini tələb edib.
Penza vilayətinin Başmakovo şəhərindən Oksana AzadlıqRadiosuna danışır ki, Teplyakov sahə polisinə zəng edəndə həmin şəxslər qəzəblənib, onu zorla avtomobilə mindirməyə çalışıblar. Teplyakovun oğlu hadisə yerinə gəlib baş verənləri çəkməyə başlayanda onu buraxıblar.
Ertəsi gün iki kişi şəhərin başqa bir sakini Aleksey Denisenkonu tutub. Həmin vaxt o, ot biçirmiş. Belə ki, avtomobili sərxoş idarə etdiyinə görə məhkəmə ona ictimai iş kəsibmiş. Kişilər Denisenkoya rayon administrasiyasına getməzsə, onun üçün “daha pis” olacağını deyiblər. Avtomobildə rayon administrasiyasının əməkdaşı da olub, Denisenkonu götürərək oradan uzaqlaşıblar.
Rusiyada kişiləri Ukraynaya qarşı müharibədə döyüşmək üçün məcburi göndərilmə halları getdikcə artır. Sakinlərin dediyinə görə, bu zaman aldatma, hədə-qorxu və gücdən istifadə olunur.
Sakinlər də bu kampaniyaya qarşı qeyri-adi addım atıblar: könüllü patrul dəstələri yaradıblar.
Könüllülər Rusiyanın ən böyük sosial şəbəkəsi olan VK-da qrup yaradaraq fəaliyyətlərini əlaqələndirir, növbə ilə küçələrə nəzarət edirlər.
“Dərhal patrula qoşuldum. Hər şey spontan baş verdi”, – Başmakovo sakini Qalina bu ayın əvvəlində AzadlıqRadiosuna bildirib. Onun sözlərinə görə, təxminən 250 nəfər patrullara qoşulub.
Səfərbərlik qorxuları
Qalinanın sözlərinə görə, adam polis bölməsinə, hərbi xidmətə cəlbetmə məntəqəsinə aparıldıqdan sonra gec ola bilər.
Bu arada Rusiya qüvvələri Ukraynada çox ləng irəliləyir, bəzən ələ keçirdikləri ərazini itirirlər. Bu isə böyük canlı qüvvə itkisi bahasına başa gəlir.
2022-ci ilin fevralında Ukraynanın işğalı başlayandan Rusiyanın itki sayının, ölən və yaralananlar daxil 1,4 milyon olduğu bildirilir. Bunu Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi hesablayıb. 450 minədək hərbçinin öldürüldüyü təxmin edilir. Bəzi mənbələr bu göstəricini daha yüksək göstərir.
Sentyabrın 18-20-də Rusiyada parlament seçkiləri keçiriləcək. Bu ərəfədə məcburi səfərbərlik elan etmək Putin üçün siyasi risk yaradır. 2022-ci ilin sentyabrında “qismən” səfərbərlik elan ediləndə yüz minlərlə insan ölkəni tərk etmişdi.
O vaxtdan Rusiya hökuməti itkilərin yerini doldurmaq üçün müxtəlif üsullara – pul mükafatlarına, gücə əl atıb. Hətta məhbuslar, evsizlər də müharibəyə cəlb edilib.
Rusiyanın bir neçə regionunda hərbi müqavilə imzalayanlara birdəfəlik ödənişlərin kəskin artırılması barədə xəbərlər var. 2025-ci ildə ödənişlər azalmışdı. Mayda Putin orduya yeni cəlb olunanların və onların həyat yoldaşlarının 10 milyon rubla (120 min dollar) qədər ödənilməmiş borcunun silinməsi barədə qanun imzalayıb.
Güc, aldatma
Teplyakov və Denisenkodan sonra Başmakovodan azı iki kişi Penzada hərbi mərkəzə aparılıb, müqavilə imzalamaları üçün onlara təzyiq göstərilib.
Şəhər sakini Artyom deyir, onlardan birini borclarına görə cinayət məsuliyyətinə cəlb etməklə hədələyiblər, baxmayaraq ki, onun borcları cinayət məsuliyyəti yaratmırdı:
“Onu sadəcə aldadıblar”.
Bu iddiaları müstəqil mənbələrdən təsdiqləmək mümkün olmayıb.
Başmakovo sakinləri isə iyulda patrullar fəaliyyətə başlayandan azı beş-altı nəfərin aparılmasının qarşısını ala biliblər. Onların dediyinə görə, bəzən istifadə edilən avtomobillər yerli dövlət qurumlarına məxsus olub.
İnternetdə də oxşar dirəniş peyda olub.
Avqustun əvvəlində Penzadan bloqer Stanislav Morozov orduya məcburi aparılan kişilərə yardım göstərmək üçün çat yaradıb. İlk gün qrupa 300-dən çox, bir həftə ərzində isə 1 200-dən çox insan qoşulub.
“Bunu çarəsizlikdən edirik. Sadəcə, başqa çıxış yolumuz yoxdur. İnsanlar hüquq və azadlıqlarımızı müdafiə etmək üçün ayağa qalxırlar”, – Morozov yazıb.
Federal Təhlükəsizlik Xidməti iyulda bir videoya görə Morozova cinayət işi açıb. O, ictimai hücumlara təhrikdə, hərbi komissarlıq əməkdaşlarını döyməyə çağırmaqda ittiham olunur.
Məqaləni AzadlıqRadiosunun “Siberia.Realities” layihəsinin materialları əsasında Farangiz Nəcibullah yazıb.