Rusiyalı ekspertlər Qarabağda konsulluq açmaq planlarını əsaslandırmağa çalışırlar
30 May 2024
Moskva Qarabağda Baş Konsulluq açmaq niyyətini açıqlayıb, bunu “regionda qalmaq niyyəti” ilə əsaslandırıb, bu da ciddi müzakirələrə və fikir ayrılıqlarına səbəb olub. “Kavkazskiy Uzel”in hesabatına əsasən, qeyri-sabit Cənubi Qafqaz regionunda Rusiyanın iştirakını davam etdirməyə yönəlmiş strateji cəhd kimi qarşılanan bu qərar Azərbaycanda ekspertlərin geniş etirazına səbəb olub.
Məşhur politoloq və Rusiya İqtisadiyyat Universitetinin politologiya və sosiologiya kafedrasının müdiri doktor Andrey Koşkin bu təşəbbüsün hazırki geosiyasi iqlimdə dərin kök saldığını bildirib. “Geosiyasi vəziyyət gərginləşir, xüsusən də Cənubi Qafqazda. Dağlıq Qarabağda, bu yaxınlarda intensiv münaqişənin şahidi olan regionda konsulluq açılması siyasi sabitlik yolunda atılan addımdır”, deyə Koşkin “Kavkazskiy Uzel”ə bildirib.
O qeyd edib ki, bu diplomatik nümayəndəlik Rusiyanın sülhməramlıları çıxardıqdan sonra belə Dağlıq Qarabağa təsirini qoruyub saxlamasına imkan verəcək. “Bu konsulluq Moskvanın Qarabağda strateji maraqlarını əks etdirərək, Rusiyanın ən vacib regional məsələlərə dair danışıqları davam etdirməsinə imkan verəcək. Rusiya regionda mövqelərini möhkəmləndirməyə çalışdığı bir vaxtda bu addım Bakı ilə əlaqələrin möhkəmlənməsinə də şərait yarada bilər”, deyə o, əlavə edib.
Hərbi ekspert Vasili Dandıkin təşəbbüsün böyük ehtimalla Moskvaya aid olduğu ilə razılaşır. Lakin o qeyd edib ki, Azərbaycan da bu razılaşmada üstünlüklər görə bilər. “Bu, görünür, Rusiya və Azərbaycan arasında Rusiya sülhməramlılarının çıxarılması ilə bağlı daha geniş razılaşmanın tərkib hissəsidir. Hələlik sülhməramlıların gedəcəyi, diplomatik missiyanın isə qalacağı haqqında razılıq əldə olunub”, deyə Dandıkin bildirib.
Dandıkin Rusiya və Ermənistan arasında gərgin münasibətlərə diqqət çəkib, Ermənistanın Qərbə üz tutması fonunda Moskvanın regionda iştirakını möhkəmləndirməyə çalışdığını təxmin etdiyini qeyd edib. “Rusiya bu konsulluğu yaradaraq, əsas problemlər həll olunmamış qalsa belə, Dağlıq Qarabağda və bütünlükdə Cənubi Qafqazda iştirakının davam etdiyinə işarə edir”.
Rusiya Elmlər Akademiyasının Coğrafiya İnstitutunun baş elmi əməkdaşı Aleksey Qunya bu fikirləri dəstəkləyərək, konsulluğun yaradılmasını siyasi cəhətdən səmərəli addım adlandırıb. “Rusiyanın bu regionda mövcudluğunu diplomatik missiya ilə ifadə etməsi təcrübi əhəmiyyətə malikdir, məsələn, Qarabağın mədəni irsinin öyrəniməsi üçün platforma yaradır”, deyə Qunya qeyd edib.
Federasiya Şurasının Beynəlaxlq Məsələlər komitəsinin rəhbəri Qriqori Karasin mayın 27-də Azərbaycan parlamentinin nümayəndə heyəti ilə görüşdə Baş Konsulluqla bağlı planları açıqlayıb. Karasin bildirib ki, 2024-cü ilin sonuna doğru diplomatik nümayəndəliyin açılması məqsədilə yaxın günlərdə hazırlıq başlayacaq.