Məsudun məyusluğu
İran Prezidenti Bakıya səfər etməməklə səhvə yol verib
26 Noyabr 2024
İran hakimiyyəti pərt vəziyyətə düşüb. Onun bu pərtliyi və məyusluğu İnqilab Keşikçiləri Qvardiyası (SEPAH) və aparıcı agentliyə də sirayət edib. Belə vəziyyətin yaranacağını bilsə idi, yəqin heç bu addımı atmazdı.
Söhbət İran Prezidenti Məsud Pezeşkianın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Azərbaycanda keçirilən 29-cu sessiyasına (COP29) qatılmaqdan imtina etməsindən gedir. Onu bu tədbirdə İranın vitse-prezidenti Şina Ənsari əvəz edib.
İran mediası Məsud Pezeşkianın COP29 konfransında iştirak etməməsini İsrail Prezidenti İsaak Hersoqun tədbirə qatılacağı ilə əlaqələndirib.
Bundan əvvəl İran KİV onun Bakıya səfər edəcəyinə dair xəbər yaymışdı.
Yeri gəlmişkən, Tehran hakimiyyəti idman sahəsində də oxşar oyunu oynayır.
Bir müddət əvvəl İranda İsraildən olan idmançılarla yarışmağı qadağan edən qanunun qəbuluna cəhd edilmişdi. Ancaq çoxsaylı qınaqlardan sonra bundan imtina olunmuşdu. Bununla belə, İran idmançılarının İsraildən olan həmkarları ilə görüşməməsinə dair qeyri-rəsmi tapşırıq var. İran hakimiyyəti qadağanı rəsmiləşdirməkdən imtina edib.
Ölkənin ali lideri ayətullah Seyid Əli Xamənei İsrail idmançıları ilə yarışmaqdan imtina etmiş iranlıları dəfələrlə mükafatlandırıb və onların bu addımını alqışlayıb.
Başqa bir örnək, İranın Ağır Atletika Federasiyası iranlı ağırlıqqaldıran Mustafa Rəcainin İsrail idmançısı Maksim Svirskinin əlini sıxdığına görə ömürlük diskvalifikasiya edilməsi barədə qərar qəbul edib. İdmançılar Polşanın Veliçka şəhərində keçirilən ağırlıqqaldırma üzrə veteranlar arasında turnirdə bir yerdə şəkil çəkdiriblər. İsrailli idmançı gümüş, Mustafa Rəcai isə bürünc medal alıb.
Rəcaiyə ömürlük olaraq ölkənin bütün idman obyektlərinə daxil olmaq qadağan edilib. Nümayəndə heyətinə başçılıq etmiş Həmid Salehi də vəzifəsindən azad olunub.
Əli Xameneyi 2021-ci ildə idmançıları “medal almaq xətrinə cinayətkar İsrail rejiminin təmsilçilərinin əllərini sıxmamağa” çağırıb. 2019-cu ildə Tokioda keçirilən çempionatda iranlı cüdoçu Səid Mollai bildirmişdi ki, yığma komandanın rəhbərliyi finala çıxmamaq və israilli idmançı Saqi Mukinin əlini sıxmamaq üçün onu yarımfinalda uduzmağa məcbur ediblər.
Bu etirafından sonra İranı tərk etməyə məcbur olan Mollai deyib: “Mən israilli idmançı ilə qarşı-qarşıya gəlməmək üçün uduzmağa məcbur edilən birinci idmançı deyiləm. İran İsraili tanımır və ölkələrimiz onilliklər ərzində qatı düşmən olub. Amma mən bu oyunlardan təngə gəlmişəm və daha onlarda iştirak etmək istəmirəm”.
2021-ci ilin fevralında Mollai İsrailə səfər edərək, orada yerli turnirə qatılıb və təkrarən Mukinin əlini sıxıb. O, 2021-ci ilin yayında Monqolustan yığmasının tərkibində Tokio Olimpiya Oyunlarında gümüş medal qazanıb və öz medalını israillilərə həsr edib: “Bu medal sizin yaxşı enerjiniz üçün sizin üçündür”.
Belə görünür, İran adi sakinləri İsrail vətəndaşları ilə heç bir düşmənliyi yoxdur. Onların davranışı daha məntiqidir.
Ancaq Məsud Pezeşkianın addımı anlaşılan deyil. Bu, Ermənistanın və Fransa hakimiyyətlərinin atdıqları addımın oxşarıdır.
Rəsmi İrəvan COP29-un Bakıda keçirilməsi təşəbbüsünə razılıq versə də, tədbirə nümayəndə göndərməməklə saxtakarlığını göstərib. Halbuki Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ermənistanlı həmkarı Ararat Mirzoyanı tədbirə dəvət etmişdi.
Ermənistanın COP 29-da iştirak etməməsi daha çox xaricdən qaynaqlandığı istisna olunmur. Çünki rəsmi İrəvan bu konfransa qatılmayacağını birmənalı şəkildə heç vaxt elan etməyib. Səfərdən söz düşəndə “hələ qərar qəbul etmədiklərini” bildiriblər.
Görünür, Ermənistan hakimiyyəti bu məsələdə daha çox Fransanın ağzına baxıb.
Bəs, Məsud Pezeşkian? Onu Bakıda İsrail Prezidenti İsaak Hersoqla əl görüşməyə kimsə məcbur etməyəcəkdi. Bakıda həm yəhudi dövlətinin, həm də Tehranın səfirlikləri və səfirləri (İranın yeni səfiri hələ gəlməyib, ancaq buna qədər xidmət edirdi) var. Pezeşkianın məntiqi ilə yanaşsaq, onda Bakıda İsrailin səfiri olduğu üçün gərək İranın Azərbaycanda elçisi xidmət etməsin. Gülünc deyilmi? Halbuki o da Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən COP29 dəvət edilib. İran hakimiyyətini “qədim dövlət ənənəsi olaraq” tərfiləyənlər də bu yerdə yəqin çox məyus olublar.
Yaranmış regional vəziyyətə görə İsrail dövlətinin başçısı COP29-a qoşula bilməyib.
İranın aparıcı KİV-nin bu məsələyə necə don geyindirdiyini təsəvvür etmək yetər.
“Mehr” agentliyinin “Bakının reklam şousunun məğlubiyyəti” başlığı altında yaydığı material o qədər çürük və mənasızdır ki, ondan sitat gətirməyi belə oxucuya layiq görmürük.
Ötən gün isə SEPAH-ın media qaynağı rejimin təbliğat maşınının buraxdığı səhvi düzəltmək üçün Azərbaycan xalqının adından fırıldaqçılıq edib. Onlar İsrailin tədbirə qatılmamasını “qlobal izolyasiya” kimi irəli sürüblər.
Bu kimi fikirlər Məsud Pezeşkianın atdığı yanlış addımı ört-basdır etmək cəhdidir.
İran prezidenti COP29-a gəlməməklə prezidentliyinin ən böyük səhvinin edib. O və təmsil etdiyi rejim bununla da düşmən saydığı tərəfin “dəyirmanına su töküb”. Çünki Azərbaycanla İran hakimiyyəti arasında son illərdə münasibət çox gərgin olub. Hətta, diplomatik əlaqələrin səviyyəsi belə endirilib. Məsud Pezeşkianın səfəri iki ölkə arasında olan mövcud problemlərin aradan qalxmasına təkan verə bilərdi. Tehranın düşmən saydığı qüvvələr isə bundan rahatsız olardı. Ancaq Tehran hakimiyyəti bu imkanı hikkəsinə qurban verib. Bundan sonra buraxılmış daha bir səhvi düzəltmək üçün yenə müxtəlif bəhanələr uyduracaq. Ancaq qatar gedib. Pezeşkian Bakıya gəlmək şansını əldən verib.