Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyada müharibə əleyhinə etirazlarda yüzlərlə saxlanan var

Rusiyada polis bu ölkənin Ukraynaya hərbi müdaxiləsinə etiraz edən azı 1600 nəfəri saxlayıb.

Reuters agentliyi yazır ki, hakimiyyət müharibə etirazları barədə yazan saytların bloklanacağı ilə hədələyib.

Rusiyada pop ulduzlar, jurnalistlər, aktyorlar və idmançılar da daxil minlərlə insan prezident Vladimir Putinin Ukraynaya müdaxilə qərarına intrenetdə etiraz bildiriblər.

Reuters xəbər verir ki, yerli vaxtla saat 20.00-a olan məlumata görə Rusiyanın 53 şəhərində azı 1667 etirazçı saxlanıb.

Etirazçılar küçələrə Rusiya İstintaq Komitəsinin həbs xəbərdarlığına baxmayaraq çıxıblar.

“Bu zir-zibili nəvələrimiz yığışdırmalı olacaq”

Moskvada Telegram-kanalda rusiyalıları etiraza çağıran fəal Marina Litvinoviç də saxlanıb.

Litvinoviç Rusiyadakı vəziyyət barədə deyib: “Biz bu zir-zibili illərlə yığışdırmalı olacağıq. Heç biz də yox, uşaqlarımız və nəvələrimiz. Biz Rusiyanın timsalında can verən adamı görürük. Rusiya can verir”.

Moskvadan başqa etirazlar habelə Sankt Peterburqda və Yekaterinburqda yer alıb.

Polis təkcə Moskvada 890 nəfərin saxlandığını bildirir.

Puşkin meydanında saxlananların arasında AzadlıqRadiosunun üç müxbiri də olub.

Onlardan biri saxlanma hadisəsini videoya çəkə bilib.

Rusiyanın tanınmışları

Həbsxanada olan müxalifət lideri Aleksey Navalnı deyib ki, Kreml bu müharibə ilə diqqəti lkədəki yoxsulluq da daxil, problemlərdən yayındırmaq istəyir: "Mən bu müharibənin əleyhinəyəm. Bu müharibə Rusiya vətəndaşlarının qarət olunmasını ört-basdır etmək üçün başlanıb. Bu müharibə hər iki tərəfdən böyük itkilərə, məhv olmuş talelərə və Rusiya vətəndaşlarının daha da yoxsullaşmasına səbəb olacaq”.

Maraqlıdır ki, müharibəyə qarşı çıxanlardan bəziləri hökumətə adətən loyal insanlardır. Tanınmış televiziya aparıcısı İvan Urqant Instagramda yazıb: “Qorxu və ağrı. Müharibəyə yox!”

Başqa bir teleulduz – Maksim Qalkin deyib: "Mən Ukraynadakı qohumlarım və dostlarımla bugün səhər danışmışam! Keçirdiyim hissləri ifadə etməyə söz tapmıram. Bu necə baş verə bilərdi? Heç bir müharibəyə haqq qazandırmaq olmaz. Mən müharibəyə yox deyirəm”.

Rusiyada milli futbol yığmasının oyunçusu Fyodor Smolov, Rusiyanın keçmiş 1 nömrəli tennisçisi Yevgeni Kafelnikov və Nobel mükafatı laueratı, “Novaya qazeta” qəzetinin baş redaktoru Dmitri Muratov da Ukraynaya hücumu pisləyiblər.

Bəzi tanınmışlar sosial mediada etiraz olaraq ağ və ya qara fon post ediblər.