Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyada metro vaqonu istehsalı çökdü - Bakı metrosu da vaqonsuz qalıb

Rusiyada yanvar-iyul aylarında metro vaqonlarının istehsalı 42 faiz azalıb.

Bu barədə Rusiya Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, bu ilin 7 ayında Rusiyada cəmi 152 vaqon istehsal olunub. Aprel və iyul aylarında isə bir dənə də olsun vaqon istehsal edilməyib.

Komitə bildirir ki, ötən il 430 vaqon istehsal olunmuşdu.

Vaqon istehsalının azalmasına səbəb Rusiya əleyhinə olan sanksiyalar göstərilib. Bundan başqa bir sıra xarici texnoloji şirkətlərlə də əməkdaşlıq dayandırılıb. Məsələn, Tixvin vaqon istehsalı zavodu ABŞ-dan gətirilən podşipniklərin çatışmazlığı səbəbindən 2.5 ay dayanmışdı.

Qeyd edək ki, Rusiya tərəfi “Bakı Metropoliteni” QSC-nin də sifarişini həyata keçirə bilməyib. "Transmaşholdinq” SC-nin tərkibinə daxil olan “Metrovaqonmaş” müəssisəsindən aldığı yeni qatarların ölkəyə gətirilməsi bu ilin sonuna qədər təxirə salınıb.

Rusiya tərəfi ilə aparılmış sonuncu danışıqlara əsasən, yeni alınacaq qatarların istehsalının bu ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulub: “2019-cu ildə bağlanmış müqaviləyə əsasən, 2022-ci ildə “Metrovaqonmaş” Bakı metrosu üçün hər biri 5 vaqondan ibarət olan müasir tipli 4 qatar istehsal etməlidir. Regionda mövcud vəziyyət nəzərə alınaraq, “Bakı Metropoliteni” vaqonların istehsalı ilə bağlı məsələni qarşı tərəflə müntəzəm və hərtərəfli müzakirələrdə diqqətdə saxlayır. Bu xüsusda “Metrovaqonmaş” 4 qatarın Bakı metropoliteninə təhvil verilməsi üzərində iş aparır və uzun illərin qarşılıqlı səmərəli əməkdaşlıq ənənələrinə uyğun olaraq, bunun üçün bütün imkanlarından istifadə etməyə çalışır”.

Xatırladaq ki, sözügüdən qatarlar avqustun 1-nə qədər təhvil verilməli idi.