Rusiyada ənənəvi dəyərləri gözdən salmağa görə cərimələr gözlənilir
11 Noyabr 2026
Rusiyada ənənəvi mənəvi-əxlaqi dəyərlərin gözdən salınmasına görə cərimələrin tətbiqi təklif olunur. Noyabrın 9-da Dövlət Dumasının Cinayət və inzibati qanunvericilik Komitəsi müvafiq qanun layihəsini birinci oxunuşa tövsiyə edib. Bu çərçivədə Rusiya İnzibati Xətalar Məcəlləsinə də yeni maddənin əlavə edilməsi gözlənilir.
AzadlıqRadiosunun rus xidməti yazır ki, sözügedən qanun layihəsi 2025-ci il dekabrın sonunda Dövlət Dumasına təqdim olunub və audiovizual əsərlərə — yəni filmlərə, videolara, mahnılara və bu qəbildən olan digər materiallara, eləcə də onların internet də daxil olmaqla ictimai yayımına şamil edilir. Sənəddə təkcə vətəndaşların deyil, bu cür kontentin yerləşdirildiyi striminq platformalarının və sosial şəbəkə sahiblərinin də məsuliyyətə cəlb olunması nəzərdə tutulur.
Qayda pozuntusuna ilk dəfə yol verən vətəndaşlar üçün 5 min rubldan 10 min rubla (60-121 ABŞ dolları), vəzifəli şəxslər üçün 50 min rubldan 100 min rubla, hüquqi şəxslər üçün isə 500 min rubldan 700 min rubla qədər (6 min-8 min 484 dollar) cərimə müəyyən edilir.
Təkrar pozuntu halında vətəndaşlar 50–150 min rubl, vəzifəli şəxslər 300–400 min rubl, hüquqi şəxslər isə 1–3 milyon rubl məbləğində cərimələnəcəklər.
Layihəyə əsasən, "dəyərləri gözdən salan" materiallar 24 saat ərzində silinməlidir. "Dəyərlərin gözdən salınması" ilə bağlı işlər üzrə məhkəməyə Mədəniyyət Nazirliyi, materiallar silinmədiyi halda isə "Roskomnadzor" müraciət edəcək.
"Ənənəvi Rusiya mənəvi-əxlaqi dəyərləri"nə gəlincə, onların siyahısı prezident Vladimir Putinin 2022-ci il noyabrın 9-da imzaladığı fərmanda öz əksini tapıb. Həmin siyahıda vətənpərvərlik, möhkəm ailə, humanizm, mənəviyyatın maddiyyatdan üstün tutulması və digər dəyərlər yer alır.
Fərmanda ənənəvi dəyərlərin qorunmasının zəruriliyindən bəhs edilir. Prezidentin fikrincə, "dost olmayan ölkələr", xarici qeyri-hökumət təşkilatları, bəzi kütləvi informasiya vasitələri, eləcə də "Rusiyadakı müəyyən təşkilat və şəxslər" bu dəyərlər üçün təhlükə yaradır.
Sənəddə tarixi həqiqətin təhrif edilməsinin və mənəvi dəyərlərə etinasız yanaşan cəmiyyətin formalaşdırılmasının ciddi təhdid olduğu vurğulanır.