Aİ-nin rusiyalı tələbələrə "Erasmus+" qadağası tənqid olunur
28 Noyabr 2026
Avropa Komissiyasının əsas təhsil proqramı olan "Erasmus+"da Rusiyada yaşayan şəxslərin iştirakına son qoyulub. Bir sıra rusiyalı müxalifət nümayəndələri bu addımı pisləyir və onun Rusiya prezidenti Vladimir Putinin ölkəni Avropadan daha da təcrid etmək planına yarayacağını bildirirlər.
Noyabrın 18-də "Erasmus+" proqramının yenilənmiş qaydaları dərc olunub. Sənəddə göstərilir ki, "Rusiyada yerləşən təşkilatlar və bu ölkədə yaşayan fiziki şəxslər proqram çərçivəsində heç bir fəaliyyətə qoşula bilməzlər".
Kremlin tənqidçisi, mühacirətdə yaşayan Mixail Xodorkovski sosial mediada yazıb: "Putin illərdir rusiyalıları Avropadan təcrid etməyə çalışır. Avropa Komissiyası indicə ona kömək göstərdi".
"Erasmus+" 1987-ci ildə yaradılıb, illik büdcəsi 5 milyard avrodan çoxdur. Bu proqram əsasən Avropa İttifaqı (Aİ) daxilində və onun hüdudlarından kənarda universitet tələbələrinin mübadiləsi ilə tanınır. Proqram həmçinin könüllülük işlərini, müəllim və işçilərin mübadiləsini, eləcə də Avropadakı təhsil ocaqlarının əməkdaşlığını maliyyələşdirir.
2022-ci ilin əvvəlində Kremlin Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra Aİ maliyyə vəsaitinin azı yarısını dövlətdən alan Rusiya universitetlərini və digər təhsil təşkilatlarını "Erasmus+"dan kənarlaşdırıb.
Ancaq Rusiyadakı ali məktəb məzunlarının fərdi qaydada müraciət hüququ saxlanılmışdı. Buraya Avropa universitetlərində iki ilədək magistratura təhsili almaq, kirayə haqqını və digər yaşayış xərclərini qarşılamaq üçün təqaüd qazanmaq daxil idi.
2027-ci ildən bu, artıq mümkün olmayacaq. Proqram 2025 və ya 2026-cı ildə ona qoşulanlar üçün qüvvədə qalacaq. Avropa ölkələrində yaşayan Rusiya vətəndaşları da proqrama qatıla biləcəklər.
"Timsahlarla dolu xəndək"
Latviyanın paytaxtı Riqada fəaliyyət göstərən və əsasən Qərbdən maliyyələşən "Novaya Gazeta Europe" nəşrinin baş redaktoru Kirill Martınov sosial media paylaşımında xəbərdarlıq edib ki, görünür, Aİ Rusiyadan ümidini üzərək onun ətrafında "timsahlarla dolu xəndək" qurur.
Avropa Komissiyası qərarını müdafiə edib.
"Anlayırıq ki, gənclər Ukraynadakı müharibəyə görə məsuliyyət daşımırlar. Məhz buna görə də müharibə başlayandan sonra mübadilə imkanlarını saxlamışdıq", – Avropa Komissiyasının təhsil məsələləri üzrə sözçüsü Eva Hrinçirova AzadlıqRadiosuna deyib.
"Ancaq Rusiyaya təzyiqi artırdığımız və Putinin Ukraynada insanları öldürməyə davam etdiyini gördüyümüz bir vaxtda əlavə addımlar atmalıyıq. Buna görə də indi "Erasmus+" çərçivəsində bütün mübadilələri məhdudlaşdırırıq", – o əlavə edib.
Hrinçirova qarşıdakı illərdə də Ukraynanın proqramın prioriteti olaraq qalacağını söyləyib.
Son beş ildə Kiyev ukraynalı tələbələr və təhsil təşkilatları üçün 270 milyon avro maliyyə vəsaiti alıb. Brüssel uşaqların müharibə dövründə təhsillərini davam etdirə bilmələri üçün Ukraynada 1.5 milyondan çox məktəb dərsliyinin hazırlanmasını maliyyələşdirib.
Rusiyadan "Erasmus+"a müraciətlər azalıb
Məsələdən xəbərdar bir Aİ rəsmisi AzadlıqRadiosuna bildirib ki, rusiyalıların proqrama çıxışının bağlanmasının əsasən iki səbəbi var.
Birincisi, müraciətlərin azalmasıdır. 2014–2020-ci illərdə Rusiyadan 13 mindən çox şəxs proqrama qoşulduğu halda, son beş ildə bu göstərici cəmi 1 min 300 nəfər civarında olub.
İkincisi, "Erasmus+" proqramından yararlanan rusiyalılar əsasən Aİ üzvü olmayan Serbiya və Türkiyədə oxumağa üstünlük veriblər. Bu ölkələrə səfər Şengen zonasından daha asan olub.
AzadlıqRadiosunun jurnalisti Rikard Yozvyak yazır ki, Rusiyada yaşayanların "Erasmus+"dan çıxarılması Brüsselin rusiyalıların Aİ-yə səfərlərini daha da məhdudlaşdırmağa çalışdığı vaxta düşür. Bu həftənin əvvəlində Aİ ölkələrinə təqdim olunan yeni sanksiyalar paketində Rusiyanın keçmiş hərbçilərinə turist vizası verilməsinin dayandırılması və digər məhdudiyyətlər nəzərdə tutulur.