Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya yenidən Ukrayna ərazisini kütləvi raket atəşinə tutub

Dekabrın 29-da səhər saatlarında Rusiya ordusu Ukraynanın müxtəlif vilayətlərinə kütləvi raket zərbələri endirib.

UNIAN-a istinadən xəbər verir ki, Nikolayev, Kiyev, Sumı, Jitomir və Çerniqov vilayətlərinə raketlər atılıb.

Sözügedən ərazilərdə ard-arda partlayış səsləri eşidilib.

Raket zərbələri nəticəsində 3 mülki şəxs yaralanıb.

“RBK Ukraina” xəbər verir ki, bunu Kiyev şəhərinin meri Vitali Kliçko bildirib. Onun sözlərinə görə, yaralılar xəstəxanaya yerləşdirilib.

Mer deyib ki, xilasedicilər ərazidə axtarış-xilasetmə işlərini davam etdirirlər. Bundan başqa, Kiyevdə su və elektrik enerjisi kəsilib.

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyakın sözlərinə görə, bu gün səhər saatlarından etibarən Ukraynaya 120 raket atılıb.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından isə bildiriblər ki, Rusiya silahlı qüvvələrinin atdığı 69 ədəd "X-101/X-555" və "Kaliber" qanadlı raketindən 54-nü vurub.

Qeyd edək ki, Rusiya bu gün Ukraynaya raket hücumu edib. Ukrayna üzrə hava həyəcan siqnalı elan edilmişdi. Kiyev rəsmiləri Rusiyanın 100-120 raket atacağını bildirirdi.