Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya Ukraynanı yenidən kütləvi raket atəşinə tutdu: Bütün ölkədə elektrik enerjisi verilməsi dayanıb

Rusiya ordusu Ukraynanın şəhər və vilayətlərini növbəti dəfə raket hücumuna məruz qoyub.

UNIAN xəbər verir ki, Odessa, Nikolayev, Kiyev vilayətlərinə, həmçinin İzyum, Kremençuq, Dnepr, Xerson şəhərlərinə raket atılıb.

Raket zərbələri nəticəsində Ukraynanın bütün ərazisində, eyni zamanda Moldovanın bir hissəsində və Dnestryanı ərazidə elektrik enerjisi kəsilib.

Xarkov şəhərində metronun və trolleybusların hərəkəti dayanıb. Kiyevdə isə qatarların hərəkətində fasilə yaranıb. Paytaxtda metro məhdud rejimdə işləyir. Hazırda çox sayda insan metro stansiyalarından sığınacaq kimi istifadə edirlər. Bundan başqa, Kiyev şəhərinə suyun verilişi dayandırılıb.

Vurğulanıb ki, Rusiya, əsasən, elektrik stansiyaları və qazanxanaları hədəf alıb.

Bildirilib ki, Moldovada həmçinin mobil rabitə və internetin fəaliyyətində də problem yaranıb.

Rusiyanın Ukraynanın Kiyev vilayətinə raket zərbəsi nəticəsində 3 nəfər ölüb, 6 nəfər yaralanıb.

Bildirilib ki, Rusiya ordusunun Kiyev bölgəsinə endirdiyi raketlərdən biri çoxmərtəbəli yaşayış binasına, digəri isə infrastruktur obyektinə düşüb.

Qeyd edək ki, bu gün Rusiya ordusu Ukrayna ərazisinə genişmiqyaslı raket hücumu həyata keçirib. Nəticədə ölkənin bir sıra şəhər və vilayətlərində elektrik enerjisi və su təminatı kəsilib.