Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya "taxıl dəhlizi" razılaşmasını dayandırdı, Türkiyə mövqeyini açıqladı

Rusiya Qara Dəniz Təşəbbüsü ilə müəyyən edilmiş təhlükəsizlik dəhlizi üzrə gəmilərin hərəkətini dayandırır.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda iddia edilir ki, Ukraynanın Sevastopolda hərbi gəmilərə və mülki gəmilərə qarşı törətdiyi "terror aksiyası" ilə bağlı vəziyyət aydınlaşana qədər hərəkət dayandırılıb.

"Gəmilərin təhlükəsizlik dəhlizi boyunca hərəkəti qəbuledilməzdir, çünki Ukrayna rəhbərliyi və Silahlı Qüvvələrinin komandanlığı bundan Rusiyaya qarşı hərbi əməliyyatlar aparmaq üçün istifadə edir", - bəyanatda deyilir.

Rusiya Müdafiə Nazirliyi bildirib ki, Kiyev ondan hərbi məqsədlər üçün istifadəni dayandırmayana qədər taxıl dəhlizindəki hər hansı obyektin təhlükəsizliyinə zəmanət vermək mümkün deyil.

Nazirlik Rusiyanın Qara Dəniz Təşəbbüsündən çıxmadığını, razılaşmaları dayandırdığını vurğulayıb.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) rəsmi nümayəndəsi Ömər Çelik isə bildirib ki, ölkəsi Rusiyanın taxıl sazişinin həyata keçirilməsində iştirakını dayandırmasından təəssüflənir.

"Qərarla bağlı böyük təəssüf hissi keçirdiyimi bildirmək istəyirəm. Ümid edirik ki, taxıla çıxışı təmin edən Qara Dəniz Təşəbbüsü dayandırılmayacaq", - partiyanın rəsmi nümayəndəsi deyib.

Qeyd edək ki, iyulun 22-də İstanbulda dünya bazarlarına ərzaq və gübrə tədarükü probleminin həlli üçün sənədlər paketi imzalanıb. Sazişlərdən biri Kiyevin nəzarətində olan Qara dəniz limanlarından taxılın ixracı prosedurunu tənzimləyir. Rusiya, Türkiyə, Ukrayna və BMT tərəfindən yaradılan İstanbulda Birgə Koordinasiya Mərkəzi silah qaçaqmalçılığının qarşısını almaq və təxribatları istisna etmək üçün taxıl daşıyan gəmiləri yoxlamaq üçün nəzərdə tutulub. Rusiya oktyabrın 29-da birtərəfli qaydada bu sazişdən imtina edib.