Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Rusiya referendumu”: 99 faiz Rusiyaya "birləşmək istəyir”


Ukraynanın Rusiya tərəfindən işğal edilmiş regionlarında keçirilən, tanınmayan dörd referendum seçkisi başa çatıb.





Kreml tərəfindən regionlara təyin edilən rəsmilər iddia edirlər ki, Rusiyanın tərkibinə qatılmaqla bağlı keçirilən seçkilərdə, demək olar, hər kəs ilhaq qərarını dəstəkləyib.





Ukrayna hökuməti və onun müttəfiqləri seçkiləri "saxta" adlandırıb.




Seçkilər Ukraynanın şərq regionlarında Donetsk və Luhanskda keçirilib.





Bundan əlavə, Rusiyanın işğalında olan ölkənin cənub regionlarında Xerson və Zaporojyedə də təşkil edilib.





2014-cü ildə Rusiyaya birləşdirilən Krım da daxil olmaqla, Rusiyanın hər tərəfinə yayılmış qaçqınlar da bir neçə seçki məntəqəsində səs verib. Orada keçirilən seçkilərdə iştirak edənlərin mütləq əksəriyyəti Rusiyanın tərkibinə qatılmağın tərəfdarıdırlar.





Ukrayna ərazisinin 15 faizini əhatə edən, müharibənin dağıtdığı regionlarda 4 milyona yaxın insan seçkilərdə iştirak etməyə çağrılıb.





Donetsk və Luhanskda Kreml administrasiyası tərəfindən idarə edilən xəbər agentliklərinin yaydığı məlumata görə, seçicilərin 99.23 faizi Rusiyaya birləşməyə səs verib. Açıqlanan yüksək nəticə bu cür seçkilərin təbiəti baxımından qeyri-adidir.





Bu nəticə Rusiya Prezidenti Vladimir Putinin cümə günü parlamentdə çıxışı zamanı dörd regionun Rusiyaya birləşdirilməsini elan etməsi üçün spekulyasiyadır.





Kreml rəhbəri 2014-cü ilin martında Krımda keçirilən və beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan seçkilərin nəticələrini də səsvermədən bir neçə gün sonra elan etmişdi.





Rusiya tam nəzarət etmədiyi dörd regionu da öz tərkibinə qatarsa, bu müharibəni yeni və daha təhlükəli səviyyəyə daşıya bilər, çünki Moskva elan edib ki, əgər Ukrayna həmin əraziləri yenidən ələ keçirməyə çalışarsa, bu, Rusiyanın suveren ərazilərinə hücum cəhdi kimi qiymətləndiriləcək.





Ukrayna Prezidenti Volodymyr Zelensky Rusiyanı güc yolu ilə işğal etdiyi əraziləri "BMT nizamnaməsini kobud şəkildə pozaraq" özünə birləşdirməyə çalışmaqda ittiham edib.





"İşğal edilmiş ərazilərdə təşkil edilən bu gülünc səhnənı heç referendum seçkilərinin imitasiyası da adlandırmaq olmaz", - o, çərşənbə axşamı deyib.





Ukrayna Prezidenti əlavə edib ki, "Ukraynanın işğal edilmiş ərazilərindəki insanları Rusiya ordusunun tərkibinə qatmaqla onları öz ana yurdlarına qarşı döyüşməyə məcbur etmək çox həyasız addımdır".










Rusiya, Ukrayna, referendum, seçki









Rusiyaya qarşı daha çox sanksiya




Ukraynanın xarici işlər naziri Dmytro Kuleba Avropa İttifaqının Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq etməyə çağırıb.





"Bizim Rusiya iqtisadiyyatını əhəmiyyətli dərəcədə sarsıdacaq effektiv və olduqca güclü cavab verməyimiz lazımdır. Saxta referendumlara yumşaq reaksiya Rusiyanı daha çox ərazi ilhaq etməyə həvəsləndirəcək", - o bildirib.





Böyük Britaniya tanınmayan seçkilərə cavab olaraq, səsvermə prosesinə cəlb edilən Rusiyanın yüksək rəsmilərinə qarşı yeni sanksiyalar qəbul edib.





ABŞ-ın Dövlət katibi Anthony Blinken bir daha bildirib ki, Qərb heç vaxt Rusiyanın ilhaqını tanımayacaq. O, həmçinin Ukrayna ərazilərinin Rusiyaya birləşdirilməsinin Kremlə "baha başa gələcəyini" qeyd edib.





Çərşənbə axşamı Ukraynanı ziyarət edən Fransanın xarici işlər naziri Catherine Colonna seçkiləri "maskarad" adlandırıb.





Rusiyanın ənənəvi müttəfiqi sayılan Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Wang Wenbin referendumla bağlı sualı cavablandırarkən bildirib ki, "bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməlidir".





Prezident Putin referendum seçkilərini müdafiə edərək deyib ki, seçkilər həmin ərazilərdə etnik rusların və rus dilli əhalinin Ukrayna tərəfindən qətlini dayandırmaq məqsədi daşıyır. Kremlin bu iddialarını Ukrayna rədd edib.





"Referendum keçirilən ərazilərdə insanların həyatını xilas etmək bizim ölkəmizin, cəmiyyətimizin diqqətində olan ən prioritet məsələdir", - Rusiya lideri televiziya ilə müraciətində deyib.





Kiçik sürprizin nəticələri




James Waterhouse-un analizi





BBC-nin Kiyev müxbiri





Tanınmayan dörd referendumun nəticələri heç kəs, xüsusilə də Ukrayna üçün sürpriz olmadı.





Rusiyaya birləşməyə hesablanan səsvermə Kremlin dili ilə desək həmin ərazilərdəki ukraynalıları "azad etmə" prosesinin davamıdır. Bu yolla Moskva Ukrayna ərazilərindəki mövcudluğuna legitimlik donu geyindirmək istəyir.





Ukrayna və Qərb seçki prosesini qınayıb. BBC silahlı əsgərlərin qapı-qapı düşərək səs yığdığına, hətta bəzi ərazilərdə səsvermənin keçirilmədiyinə dair sübutlar əldə edib.





Rusiyada ilhaq edilən ərazilərlə bağlı yeni qanun layihəsinin tərtib ediləcəyi gözlənilir. Moskva həmin ərazilərin gələcəkdə hücuma məruz qalacağı təqdirdə onları qorumaq üçün kimyəvi silahlardan istifadə edəcəyini bildirib.





Kiyev isə hər zaman dediyi kimi Moskvadan gələn bəyanatlarla bağlı mövqeyinin dəyişmədiyini bəyan edib.