Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya qoşunlarının Pokrovska daxil olduğu bildirilir

Kiyev Rusiyanın quru qoşunlarının strateji əhəmiyyətli Pokrovsk şəhərinə daxil olduğunu təsdiqləyib. Prezident Volodimir Zelenski vəziyyəti "çətin" adlandırıb, şəhərin mərkəzi və ətrafında şiddətli döyüşlərin getdiyini bildirib.

Zelenski oktyabrın 26-da gecə müraciətində deyib ki, Rusiya çoxlu sayda hərbi qüvvəsini Pokrovsk və yaxınlıqdakı Mirnoqrad şəhəri ətrafında cəmləşdirib. Uzun müddətdir Ukraynanın bu şərq regionunda döyüşlər gedir.

"Rusiya əsas zərbə qüvvəsini məhz Pokrovsk yaxınlığında cəmləyib", – Zelenski deyib.

Amma prezident Ukrayna qüvvələri əsas müdafiə xətlərini saxladığını vurğulayıb.

Pokrovsk çoxdan hədəfdə idi

Müharibədən öncə 60 min əhalisi olan, indi isə təxminən 7 min nəfərin qaldığı Pokrovsk vacib yol və dəmiryol qovşağıdır. Bu ili şəhər Rusiya qüvvələrinin mühasirəsinə düşmə təhlükəsi altında keçirib.

Oktyabrın əvvəlində Rusiya prezidenti Vladimir Putin qoşunlarının şəhərə daxil olduğunu iddia edib. Amma Ukrayna rəsmiləri bunu təkzib edib, Kreml qüvvələrinin ağır itkilər verdiyini açıqlayıb.

Oktyabrın 26-da Ukrayna Baş Qərargahı bəyan edib ki, ümumi sayı 200 nəfər olan, bir neçə kiçik Rusiya piyada bölməsi müdafiə xətlərini keçərək Pokrovsk daxilində mövqelər qurur.

"Müdafiə qüvvələri düşmən hücumlarını dəf edir. Düşmən böyük itkilər verir", – Baş Qərargah bildirib.

Regiondan gələn xəbərlər hələ müstəqil təsdiqini tapmayıb.

Belqorod vurulub

Eyni zamanda, Ukrayna qüvvələrinin Rusiyanın daxilinə yenidən zərbələr endirdiyi bildirilir. Belqorod vilayəti rəsmiləri Ukrayna dronlarının sərhəd yaxınlığına hücumlarında 16 nəfərin yaralandığını açıqlayıb.

Moskvanın meri Sergey Sobyaninin dediyinə görə, hava hücumundan müdafiə bölmələri paytaxta doğru uçan azı 34 dronu vurublar. Şəhərin dörd hava limanından ikisinin – "Domodedovo" və "Jukovski"nin müvəqqəti bağlandığı xəbər verilir.

Paytaxt yaxınlığındakı Tula vilayətində isə 24 dron vurulub.

Oktyabrın 26-da səhər Kiyevdə çoxmərtəbəli binaya dron zərbəsindən üç nəfər həlak olub, 33 nəfər, o cümlədən 7 uşaq yaralanıb.

Ukrayna rəsmiləri həmin gün Rusiya dronunun şərqi Sumı şəhəri yaxınlığında mikroavtobusu vurduğunu, azı 10 nəfərin yaralandığını bildiriblər.

Atəşkəs səyləri dalana dirənib

Təxminən dörd ildir gedən müharibədə atəşkəs cəhdləri nəticəsiz qalıb.

ABŞ prezidenti Donald Tramp oktyabrın 25-də bildirib ki, Kreml lideri Putinin müharibəni bitirmək üçün razılığa gəlməyə hazır deyilsə, onunla görüşə "vaxt itirməyəcək".

"Bilməlisiniz ki, biz razılaşma əldə edəcəyik. Vaxtımı boş yerə sərf etməyəcəyəm", – Tramp jurnalistlərə deyib.

"Vladimir Putinlə münasibətlərim həmişə yaxşı olub, amma bu durum çox məyusedicidir. Düşünürdüm ki, bu məsələ Yaxın Şərqdə sülh əldə olunmazdan əvvəl həllini tapacaq", – o əlavə edib.

Tramp daha öncə Putinlə bir neçə həftə ərzində Budapeştdə görüşməyi planlaşdırdığını bildirib. Ancaq ABŞ prezidenti sonradan görüşü ləğv edib, onun başqa vaxt keçirilə biləcəyini deyib.