Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya indi də "Kolumbiyanı" darmadağın, özünü biabır etdi

Rusiya mediası Permdə Dostluq kubokunun start matçında yerli "Parma" basketbol klubunun Kolumbiya yığmasını 155:53 hesabı ilə məğlub etməsi barədə geniş məlumat yayıb. Amma Kolumbiya Basketbol Federasiyası (FCB) bu turnirdə iştirak etmək üçün heç bir dəvət almadığını söyləyib.

TASS isə “Kolumbiya millisinin baş məşqçisi Xorxe Vaskesin məğlubiyyətə görə özünü günahkar hiss etməsindən” yazıb. "Hesabda belə böyük fərq olan yerdə özünü günahkar hiss edirsən. Deməli, haradasa nəyisə etməmisən, lazımi qədər çalışmamısan”, - deyə Baskes üzüntü ilə bildirib.

Ancaq indi “Kolumbiya yığması”nın saxta olduğu ortaya çıxıb. Burada "millilikdən" əsər-əlamət yoxdur, sadəcə, boş vaxtlarında basketbol oynayan tələbələrdən, bir mühəndisdən və bir blogerdən ibarət “məhəllə” komandası yaradılıb və peşəkarların “beynəlxalq turniri”nə gətirilib. Guya "milli komandanın məşqçisi" Vaskesəgəlincə, onun adı heç Kolumbiya Basketbol Federasiyasının saytında da çıxmır. Orada göstərilir ki, 2023-cü ilin fevralından bəri ölkə yığmasına Gillermo Moreno məşqçilik edib. 

Kolumbiya Basketbol Federasiyası biabırçılığa (102 xal fərqlə məğlubiyyət!!!) kəskin reaksiya verib: "FCB ölkənin heç bir klubunun və ya universitet komandasının Dostluq Kubokunda iştirak etməsinə razılıq verməyib. Federasiya onun rəmzlərinin və ya loqotipinin icazəsiz və düzgün olmayan istifadə ilə əlaqədar qanuni tədbirlər görəcək". 

Bununla belə, Rusiya Basketbol Federasiyası (RFB) Rusiya və Kolumbiya idmançıları arasındakı görüşdə meydana həqiqi Kolumbiya komandasının çıxdığına ictimaiyyəti əmin etməyə çalışır. RFB prezidentiAndrey Kirilenko Kolumbiya millisinin “Dostluq” kubokunda iştirakı ilə bağlı danışıqların aparıldığını və hər iki ölkənin federasiyaları arasında kommunikasiyanın rəsmi kanallarla həyata keçirildiyini bildirib. 

Ola bilər, arada müəyyən danışıqlar olub, amma bu, nəticəni dəyişmir. Fakt faktlığında qalır: Rusiyanın peşəkar basketbol komandası Kolumbiyadan gətirilmiş bir dəstə “məhəllə” uşağı üzərində “tarixi qələbə” qazanıb, rus mediası isə bunu “milli yığmanın darmadağın edilməsi” adı ilə ictimaiyyətə “sırıyır”. Çoxları inanır, ancaq işin içini bilənlər, hətta təəccüblənməyənlər də var. 

Məgər Rusiyada keçirilən “beynəlxalq boks döyüşləri” çox vaxt elə bu qaydada təşkil olunmur?

Dementi Fyodorov