Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya Hindistanı da bataqlığa sürükləyir - Yardım istəyir

Moskva Hindistana avtomobillər, təyyarələr və qatarlar üçün 500 adda ehtiyat hissələrinin siyahısını göndərib.

Reuters agentliyi məsələ ilə tanış dörd mənbəyə istinadən Rusiyanın Qərbin sanksiyalarına görə ehtiyat hissələrinə ehtiyacının kriritik həddə çatdığını yazır.

Hindistan rəsmiləri bu sifarişin yerinə yetirilib-yetirilə bilməyəcəyi barədə heç nə deməsələr də bildiriblər ki, sifariş siyahısı “qeyri-adi dərəcədə uzundur”.

Hindistan hazırda Rusiya ilə ticarətdə maraqlıdır, amma bir sıra şirkətlər bu ticarətə görə özlərinin ABŞ və Qərb sanksiyaları ilə üzləşə biləcəklərindən narahatdır.

Rusiya mənbələrindən biri deyib ki, Moskvanın belə bir xahişlə üz tutmağı planlaşdırdığı yeganə ölkə Hindistan olmayacaq.

Müharibə başlanandan Rusiyadan neft idxalı artıb

Rusiyanın Sənaye və Ticarət Nazirliyi bildirir ki, Hindistan hələki bu sorğuya cavab verməyib.

Baş nazir Narendra Modinin hökuməti Moskvanın Ukraynaya hücumunu açıq pisləyən Qərb ölkələrinə qoşulmayıb və üstəlik müharibə başlanandan bəri Rusiyadan neft alışını dəfələrlə artırıb.

Hindistan rəsmiləri bildirirlər ki, ölkənin Rusiyaya ixracı artırmasına ehtiyac var, çünki hazırda mal dövriyyəsi balansı Hindistanın ziyanına dəyişib.

Qərb sanksiyaları Rusiyanı sənaye üçün həlledici əhəmiyyəti olan bir çox məhsullardan məhrum edib.

Ən adi ehtiyat hissələri çatışmır

Rusiya aviasiyasının ehtiyat hissələrinə kəskin ehtiyacı var, çünki aviapark demək olar bütünlüklə xarici istehsallı təyyarələrdən ibarətdir.

Böyük avtomobilqayırma şirkətləri sanksiyalara görə Rusiyanı tərk etdikdən sonra ölkədə avtomobil hissələri də çatışmır.

Rusiyanın avtomobil bazarındakı mənbə bildirib ki, Rusiya Ticarət Nazirliyi ehtiyac olan məhsulların siyahısını müvafiq nazirliklərə göndərib.

Bu da qeyd olunur ki, Rusiyanın ehtiyacı olan ehtiyat hissələrinin 14 səhifəlik siyahısında təhlükəsizlik kəmərlərindən tutmuş mühərrik komponentlərinə qədər müxtəlif məhsullar var.

Məsələn helikopter və təyyarələr üçün Rusiya eniş, yanacaq, kommunikasiya və təkərlər də daxil 41 adda ehtiyat hissəsi axtarır.

Bundan başqa Rusiyanın kağız istehsalı, kağız bağlamalar, parça və parça boyaqlarının istehsalı üçün ehtiyat hissələrinə ehtiyacı var.

Hindistan istərdi, amma

Rusiyanın NorNickel kimi metal istehsalçıları bildirirlər ki, sanksiyalar və bəzi təchizatçıların özlərinin elan etdikləri məhdudiyyətlərə görə bir sıra avadanlığın, ehtiyat hissələri, materiallar və texnologiyaların xaricdən alınması qeyri-mümkün olub.

Hazırda Rusiya metal sənayesinin 200 adda metallurgiya məhsuluna ehtiyacı var.

Rusiya müharibəyə qədər Hindistanın ən böyük silah təchizatçısı və əczaçılıq mallarının ən böyük bazarı idi.

Fervralın 24-də Ukraynada müharibə başlanandan bəri Hindistanın Rusiyadan idxalı 5 dəfə artaraq 29 milyard dollara çatıb. Halbuki ötən ilin müvafiq dövründə bu rəqəm 6 milyard dollar idi.

Reuters yazır ki, Hindistan Rusiyanın sifariş etdiyi malların ixracı ilə Rusiyaya ümumi ixracatını 10 milyard dollara çatdıracağına ümid edir.

Lakin Hindistanın bir sıra şirkətləri Qərb sanksiyalarından çəkinərək Rusiya ilə ticarətdən ehtiyat edirlər.