Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya həbsxanalarındakı ortaasiyalı miqrantlar pis qidalandıqlarını deyirlər

Keçən il “Crocus City Hall”da baş vermiş qanlı terror aktından sonra qanunsuz miqrantlara qarşı repressiyalar üzündən, mühacirlərin müvəqqəti saxlanma mərkəzlərində yer çatmır. Rusiya onları Moskva yaxınlığında baş verən qanlı olayı törətməkdə günahlandırıb.

Özəlliklə mərkəzi Sverdlovsk vilayətində saxlanılanların sayı həddən çoxdur. Burada deportasiya gözləyən miqrantları müvəqqəti yerli həbsxanalara da yerləşdirirlər.

Belə durum həm də ərzaq qıtlığına yol açır. Orta Asiyadan olan miqrantlar "normal qidalanmaq" imkanlarının olmadığını deyirlər.

"[2024-cu il- red] dekabrın 26-da səhər [Sverdlovsk vilayətinin-red.] Pervouralsk rayonundakı həbsxanaya gətiriləndən bəri isti yemək üzü görməmişik, axı miqrantların saxlanılma mərkəzlərində yer qalmayıb", - miqrantlardan biri AzadlıqRadiosuna yanvarın 10-da telefonla belə deyib.

"Hakimiyyət hətta tez bişən əriştə paketlərini yasaqlayıb. Bu üzdən, yediyimiz yalnız çörək və şirin çaydır", - adını söyləmək istəməyən başqa miqrantın sözləridir.

İndi Sverdlovsk vilayətində saxlanılan orta asiyalı fəhlələrin dəqiq sayı bilinməsə də, bir neçə nəfərin adından AzadlıqRadiosuna üz tutan miqrant bildirir ki, 2024-cü il dekabrın sonundakı genişmiqyaslı polis basqınları zamanı yüzlərlə əcnəbi saxlanılıb.

2024-cü ilin martında "Crocus City Hall" əyləncə mərkəzində baş vermiş terror aktı nəticəsində 140 nəfər ölub. Terror aktını törətməkdə şübhəli bilinən bir neçə Tacikistan vətəndaşı saxlanılıb.

Sverdlovskda saxlanılanların çoxu Qırğızıstan, Tacikistan və Özbəkistandan olan işçilərdir. Onların miqrasiya qaydalarını pozmaqda şübhəli bilinib saxlanıldıqları iddia edilir.

Qanuna görə, miqrasiya qaydalarını pozduğuna görə Rusiyada saxlanılan əcnəbilər məhkəmə işləri və ya deportasiya tarixi barədə qərarı miqrantlar üçün nəzərdə tutulmuş ayrıca müvəqqəti saxlanılma mərkəzlərində gözləməlidirlər.

AzadlıqRadiosuna müsahibə verən iki miqrantdan biri deyib ki, onun yaşayış icazəsi 2024-cü il dekabrın 26-da - saxlanıldığı gün başa çatıb. Adının gizli qalmasını istəyən bu şəxs etiraf edib ki, sənədin etibarlılıq müddətini vaxtında yeniləyə bilməyib.

Qrupun digər bir neçə üzvüsə bildirib ki, polis onları səbəb olmadan saxlayıb.

Həbsxana kamerası

AzadlıqRadiosunun əlaqə saxladığı miqrantlar saxlanıldıqları həbsxana kamerasının videogörüntülərini bölüşüblər. Kadrlarda çirkli divarları olan kiçik bir otaq və çox hündürdə dəmir torla örtülmüş pəncərə görünür. Elə bir diqqət çəkən mebel gözə dəymir: ikimərtəbəli dəmir çarpayı, kiçik masa və skamyalar, küncdə də əlüzyuyan və arakəsməylə ayrılan unitaz var.

"Bəzi miqrantların qohumları həbsxanaya ərzaq gətirsə də, mühafizəçilər onları bizə vermədilər", - adının çəkilməsini istəməyən miqrantlardan birinin AzadlıqRadiosuna dediyi sözlərdir. O, ardınca deyib ki, bizə “buranın miqrantlar üçün yer deyil, həbsxana olduğunu da söylədilər. Anladıq ki, bura həbsxanadır. Amma biz məhbus deyilik, axı. Bizimlə belə davranmaq olmaz".

Sverdlovsk vilayətinin əsas şəhəri sayılan Yekaterinburqdakı Tacikistan konsulluğunun nümayəndəsi müvəqqəti saxlama mərkəzlərində yer olmadığından, bir çox miqrantın həbsxanalarda saxlanıldığını təsdiqləyib.

"Bu, müvəqqəti tədbirdir. Mərkəzlərdə yerlər olanda, onları ora köçürəcəklər", - Sverdlovskda miqrantlara yardım məqsədilə konsulluqla tacik diasporunun birgə təşkil etdiyi İctimai Şura başçısının müavini Yokubjon Umarov belə deyib.

Rusiyada Orta Asiyadan olan milyonlarca miqrant işçi yaşayır. Sovet İttifaqının dağılmasından 30 il sonra onların vətənində işsizlik və yoxsulluq baş alıb gedir.

“Crocus City Hall”a hücumdan cəmi dörd ay sonra Rusiya, əsasən, Tacikistan, Özbəkistan və Qırğızıstan vətəndaşlarına qarşı açıq-aşkar antimiqrant kampaniyası çərçivəsində rekord sayda şəxsi deportasiya edib və ya ölkəyə girməsinə icazə verməyib.

Rəsmi bilgilərə görə, 2024-cü ilin yanvar-iyul aylarında 143 mindən çox şəxsə Rusiyaya gəlmək yasaqlanıb. Az qala, 93 min şəxs ölkədən deportasiya edilib. Bu, ötən illə müqayisədə çox böyük artımdır.

Bu materialı Zarangez Navruzshoh və “Current Time” hazırlayıb.