Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya Ermənistandan süd məhsullarının idxalına məhdudiyyət qoydu

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) iyulun 27-dən etibarən Ermənistandan süd məhsullarının idxalına məhdudiyyət tətbiq olunacağını açıqlayıb.

Qurum bildirir ki, iyulun 14-21-də Rusiya mütəxəssisləri Ermənistanın süd emalı müəssisələrində yoxlamalar aparıb və "2023-2024-cü illərdə keçirilmiş təftişlər zamanı da qeydə alınan analoji pozuntuları təsdiqləyiblər".

"Rosselxoznadzor"un məlumatına görə, xammal və hazır məhsullar üçün baytarlıq sənədləri düzgün rəsmiləşdirilməyib, həmçinin daxil olan xammalın baytarlıq-sanitariya ekspertizası aparılmayıb.

"Ermənistanın xüsusilə də 2019-cu ilin hökumət islahatlarından sonra kənd təsərrüfatı istehsalçılarına effektiv nəzarət edə bilmədiyi bir daha təsdiqlənir", –"Rosselxoznadzor" bildirib.

Ermənistan tərəfi hələlik Rusiya qurumunun bu açıqlamasına münasibət bildirməyib.

Rusiya bundan əvvəl də Ermənistandan idxal olunan tərəvəz, meyvə, gül, spirtli içkilər, su və balıq məhsullarına müəyyən məhdudiyyətlər tətbiq etmişdi. Baş nazir Nikol Paşinyan isə ölkəsinin Avropa İttifaqına yaxınlaşmaq planları ilə bağlı bəyanatlar verib.

İyunun ortalarında "Rosselxoznadzor" Ermənistandan gətirilən "karantin nəzarətinə tabe olan" məhsulların idxal qadağasını genişləndirərək bu siyahıya təxminən 130 növ məhsul daxil edib.