Paşinyan: Sülh sazişini təxirə salmaq planımız yoxdur, 2027-2028-ci illərdə imzalanmalıdır
22 Oktyabr 2026
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin 2027–2028-ci illərdə imzalana biləcəyini, sənədin bu il imzalanmasına isə vaxt çatmasının çətin olduğunu bildirib.
Bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Paşinyanın sözlərinə görə, Azərbaycanla sülh sazişinin imzalanması üçün prosesin başa çatdırılması müəyyən vaxt tələb edir.
“Bizim vəzifəmiz sülh sazişini mümkün qədər tez imzalamaqdır. Onun 2031-ci ilə qədər, hətta 2029-cu ilə qədər təxirə salınması planlarımızda yoxdur. Bu, sadəcə müəyyən vaxt aparacaq prosesdir”, - Paşinyan bildirib.
Qeyd edək ki, Paşinyan daha əvvəl Ermənistan hökumətinin iclasında Azərbaycanla paraflanmış sülh sazişinin imzalanması və ratifikasiyasını əsas vəzifələrindən biri adlandırıb.