Rusiya Ermənistan müxalifətinə qarşı "repressiyaları" pisləyib
29 Avqust 2026
Rusiya avqustun 28-də Ermənistan hökumətinin qərbyönlü xarici siyasəti ilə razılaşmayan müxalifət liderlərinin son həbslərini pisləyib, siyasi motivli adlandırıb.
“Təəssüf ki, Rusiya prezidenti Vladimir Putinin aprelin 1-də Moskvada Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü zamanı qeyd etdiyi mənfi tendensiya davam edir", - Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"Söhbət Rusiya ilə müttəfiqlik münasibətlərinin qorunmasının tərəfdarı olan siyasi qüvvələrə və xadimlərə qarşı real repressiyaların güclənməsindən gedir”, – o əlavə edib.
Zaxarovanın sözlərinə görə, “Ermənistan hakimiyyətinin tutduğu bu destruktiv xətt rəsmi Yerevanın Rusiya ilə münasibətləri pisləşdirəcək addımlar atmadığı barədə bəyanatları ilə kəskin ziddiyyət təşkil edir”.
Bu həftə Ermənistanın keçmiş prezidenti Robert Koçaryan həbs olunub. Koçaryanın “Hayastan” alyansı, varlı iş adamları Samvel Karapetyan və Qagik Tsarukyanın rəhbərlik etdiyi daha iki müxalifət qrupu iyunun 7-də parlament seçkilərində Paşinyanın əsas rəqibləri olublar. Onlar Ermənistanın ənənəvi müttəfiqi Rusiya ilə münasibətləri bərpa edəcəklərini vəd ediblər, eyni zamanda açıq şəkildə Moskvanın tərəfini tutmamağa çalışıblar.
Paşinyan seçki kampaniyası zamanı bu qüvvələrin liderlərini “aradan götürəcəyini” vəd edib, onları xarici dövlətin agentləri olmaqda ittiham edib. Onun Rusiyanı nəzərdə tutduğu ehtimal olunur.
Karapetyan ötən ilin iyununda həbs olunub, dekabrda ev dustaqlığına buraxılıb. Tsarukyan bu il iyulun 6-da həbs edilib.
Müxalifət liderləri onlara qarşı ayrı-ayrılıqda irəli sürülən ittihamları rədd edir.
AzadlıqRadiosunun erməni xidməti yazır ki, Paşinyan avqustun 28-də yenidən onların həbs edilməsi üçün xalqdan mandat aldığını iddia edib. Rəsmi nəticələrə görə, Paşinyanın “Vətəndaş Müqaviləsi” partiyası seçkilərdə səslərin təxminən yarısını qazanıb. Ermənistan müxalifəti rəsmi nəticələri tanımayıb.
Rusiya da seçkilərin pozuntularla keçdiyini bildirib. Prezident Vladimir Putin Paşinyanı təbrik etməyib.
“Azatutyun” yazır ki, Rusiyanın Zaxarovanın bəyanatları ilə Ermənistandakı daxili siyasi prosesləri bu cür açıq tənqid etməsi Rusiya-Ermənistan münasibətlərinin daha da pisləşdiyini göstərir. Mayda Yerevanda iki Avropa sammitinin keçirilməsindən sonra Moskva Yerevana təzyiqləri artırıb. Rusiya Paşinyan hökumətindən Avropa İttifaqı ilə Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi İttifaqı arasında tezliklə seçim etməyə çağırır.
Paşinyan bu həftə bildirib ki, Ermənistan Avropa İttifaqına üzvlük üçün “tezliklə” rəsmi müraciət edəcək. Rusiyanın deputatları buna cavabında Yerevana əlavə iqtisadi sanksiyaların tətbiq oluna biləcəyi barədə xəbərdarlıq ediblər.
Moskva mayın sonu və iyunun əvvəlində Ermənistandan milyonlarla dollar dəyərində kənd təsərrüfatı məhsulları və mineral su idxalını faktiki qadağan edib.