Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Rus desantı" İrəvanda - İttifaq dövləti ideyası gündəmə gəlir

Ermənistanda nəşr olunan “Hraparak” (“Meydan”) qəzetinin yazdığına görə Rusiyadan bir qrup ekspertdən və jurnalistlərdən ibarət “desant” İrəvana gəlib. Bu, Ermənistanda xüsusən 44 günlük Qarabağ müharibəsindən sonra güclənən anti-Rusiya əhvalı ilə bağlıdır.

Bildirilir ki, “rus desantı” Ermənistanın rusiyameylli dairələri ilə intensiv görüşlər keçirir, Ermənistan-Rusiya əlaqələrinin yaxşılaşması və anti-Rusiya əhval-ruhiyyəsinin azaldılması yollarını müzakirə edirlər. Habelə məlumat var ki, bu görüşlərdə yeni Rusiya-Ermənistan ittifaq dövləti ideyası da yeridilir və rusiyapərəst erməni dairələrinə öz çıxışlarında bu ideyanı cəmiyyətə yeritmək təlqin edilir.

İddia edilir ki, İrəvana göndərilən “rus desantı” qondarma “dqr parlamentinin” üzvləri ilə də görüşəcəklər, fevralın 4-də isə onların iştirakı ilə dəyirmi masa keçiriləcək.

Rusiya-Ermənistan ittifaq dövlətinin (Belarus-Rusiya ittifaq dövləti modelinə uyğun) yaradılmasına çağırışlar əslində Ermənistanda kapitulyasiyanın ardınca səslənməyə başlayıb. Bir çox rusiyapərəst siyasətçilər Ermənistanın yeganə xilas yolunun Rusiya ilə ittifaq dövlətində birləşməsi olduğunu dəfələrlə gündəmə gətiriblər. Eləcə də Rusiyanı “düşmən” adlandıranların və rus qoşunlarını ölkədən çıxarmağa çağıranların da sayı artıb.