Rubio: İran diplomatiyaya ciddi yanaşmır
23 İyul 2026
ABŞ dövlət katibi Marko Rubio bildirib ki, İranın Hörmüz boğazında naviqasiya azadlığına meydan oxuması təkcə qlobal ticarəti təhdid etmir, həm də Asiyadakı mübahisəli dəniz marşrutları üçün təhlükəli presedent yarada bilər.
Rubio iyulun 22-də Manilada Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasına (ASEAN) üzv dövlətlərin xarici işlər nazirləri qarşısında çıxış edib. O, ABŞ-nin İranla danışıqlara hazır olduğunu diqqətə çatdırıb, amma Tehranı əvvəlki öhdəliklərinə əməl etməməkdə, diplomatiyaya ciddi yanaşmamaqda günahlandırıb: "ABŞ diplomatiyaya hər zaman sadiqdir. Biz fərqli fikirlərə açığıq, ixtilafların həlli üçün təmaslar qurmağa və danışıqlar aparmağa daim hazırıq. Bu yanaşmamız İran məsələsində də qüvvədə qalır".
İranın danışıqlara qeyri-ciddi yanaşdığını vurğulayan dövlət katibi xəbərdarlıq edib: "Əgər onlar ciddi deyillərsə, biz həm öz maraqlarımızı, həm də müttəfiqlərimizin mənafeyini qorumaq üçün lazımi addımları atacağıq".
Bu arada ABŞ və İran arasında qarşılıqlı hərbi zərbələr yenidən intensivləşib; Tehranın kommersiya gəmiçiliyinə təhlükə yaratdığını bəyan edən Vaşinqton onun hərbi infrastrukturunu hədəf alır.
Təhlükəli presedent
Rubionun Cənub-Şərqi Asiya hökumətlərinə əsas mesajı ondan ibarət olub ki, İranın addımları təkcə Fars körfəzi ilə məhdudlaşmır. Dövlət katibi bildirib ki, Tehranın Hörmüz boğazından keçən gəmiləri özbaşına idarə etməsinə imkan verilməsi beynəlxalq ticarətin əsas prinsiplərindən sayılan naviqasiya azadlığını sarsıdacaq: "İran heç bir hüquqi mexanizmə əsaslanmadan Hörmüz boğazındakı nəqliyyat axınına nəzarət hüququ iddia edir".
Rubio Hörmüz boğazı ilə bağlı mübahisənin Asiyaya birbaşa təsiri olduğunu vurğulayıb: "Mən bu region üçün naviqasiya azadlığının nə qədər böyük əhəmiyyət daşıdığını izah etmək məcburiyyətində deyiləm. Çünki burada söhbət təkcə Hörmüz boğazında yaşananlardan getmir".
O deyib ki, böhran qlobal iqtisadiyyata təhdid yaradır. Dövlət katibi xəbərdarlıq edib ki, "150 ildir beynəlxalq ticarət və kommersiyanın əsasında dayanan qaydalar təhlükə altındadır və bunun baş verməsinə yol vermək olmaz".
Rubionun sözlərinə görə, "dünyadakı enerji təchizatının 20 faizini fırıldaqçı bir rejim girov götürüb" və bu rejim beynəlxalq hüquqda nəzərdə tutulmayan imtiyazlar tələb edir.
Rubio həm də Cənub-Şərqi Asiya ölkələrini inandırmağa çalışıb ki, digər bölgələrdəki münaqişələrə baxmayaraq, Vaşinqton bu regionla sıx əməkdaşlıq edəcək.
Dövlət katibi ABŞ hökumətinin strateji investisiyaları çərçivəsində 2.5 milyard dollar, həmçinin ABŞ İnkişaf Maliyyə Korporasiyası vasitəsilə aviasiya infrastrukturu, enerji təhlükəsizliyi, etibarlı təchizat zəncirləri və digər mühüm sahələrə daha 1.5 milyard dollar vəsait ayıracağını bəyan edib.
Rubio onu da bildirib ki, Cənub-Şərqi Asiyada minalardan təmizləmə işləri və əvvəlki münaqişələrdən qalmış partlamamış sursatların zərərsizləşdirilməsi üçün regiona 130 milyon dollar məbləğində yardım ayrılacaq.