Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rəşad Dağlı 4 ay müddətinə həbs edildi: tanışına 14 bıçaq zərbəsi vurub

Qətl törətməkdə şübhəli bilinən meyxanaçı Rəşad Əmirov (Rəşad Dağlı) Qaradağ Rayon Prokurorluğuna aparılıb.

O, Bakı Narkoloji Mərkəzində müayinədən keçirilib və daha sonra cinayət baş verən yerə aparılıb.

Daha sonra Rəşad Dağlı Qaradağ Rayon Məhkəməsinə gətirilib. Onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Meyxanaçı Rəşad Əmirov tanışı İskəndər Mehtiyevə ümumilikdə 14 bıçaq zərbəsi vurub. Bu barədə Qaradağ Rayon Məhkəməsində istintaq materialları elan edilərkən qeyd olunub.

Hakim Teymur Qurbanovun sədrliyi ilə keçirilən prosesdə meyxanaçı özünü təqsirli bilib.

O deyib ki, hadisə zamanı İ.Mehtiyevin əlində bıçaq olub: "Özümü müdafiə etməyə çalışdım. Birinci zərbəni onun ürək nahiyəsinə vurmuşam, digərlərini isə xatırlamıram".

Qeyd edək ki, qətl hadisəsi noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü R.Əmirov tanışı, 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevi şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.