Rəhbəri həbsdə olan şirkət Müdafiə Nazirliyinə 3.6 milyon manat ödəyəcək
28 Noyabr 2026
Müdafiə Nazirliyi vaxtilə 190 milyon manatlıq tenderin qalibi elan etdiyi şirkətlə məhkəməlik olub. Nazirlik iddia edir ki, "Azərbaycan Bina Tikinti Kompaniyası" MMC ona həvalə olunmuş işi keyfiyyətsiz görüb. Bu əsasla da şirkətə qarşı 3 milyon 654 min manat pul tələbi ilə məhkəmədə iddia qaldırıb.
Qarşı tərəf isə bu iddia ilə razılaşmayaraq bildirib ki, görülən işdə qüsurlar vardısa, vaxtında təhvil almayaydılar.
Müdafiə Nazirliyi ilə şirkət arasında hərbi şəhərcikdə bina və qurğuların tikintisi, mebel və avadanlıqlarla təminatı, kommunikasiya xətlərinin çəkilişi və ərazinin abadlaşdırılması üzrə dəyəri 190 milyon manatdan çox olan satınalma müqaviləsi imzalanıb. Nazirlik iddia edir ki, hələ prosesin gedişində, xüsusilə əsgər yataqxanası və yeməkxanası binalarının inşasında xeyli çatışmazlıq aşkarlanıb. Bu haqda şirkətə həm yazılı, həm də şifahi məlumat verilib, ancaq müqavilənin icrası zamanı qüsurlar aradan qaldırılmayıb.
İddia ərizəsinə görə, əsgər yataqxanasının sanitar qovşaqlarında su və kanalizasiya xətləri quraşdırılarkən texniki şərtlər pozulduğundan çirkab sular alt mərtəbələrin dəmir-beton tavanına sızıb, arakəsmə divarlarda çatlar yaranıb. Yağıntı sularının və nəmişliyin təsirindən zirzəminin divarlarındakı suvaq və boya qatı vaxtından əvvəl eroziyaya uğrayıb. Bəzi otaqlarda istilik xətlərinin birləşmə yerlərindən su sızıb, havalandırma sistemi işləməyib və s.
Müdafiə Nazirliyi vurğulayıb ki, binalardan gələcəkdə təhlükəsiz istifadə üçün Fövqəladə Hallar Nazirliyinin "Tikintidə Qiymətqoyma Mərkəzi"nə müraciət olunub. Nəticədə gücləndirmə-bərpa işlərinə 3 milyon 654 min manat vəsait tələb olunduğu ortaya çıxıb.
"Onlar bütün işi qəbul ediblər"
Məhkəmədə cavabdeh şirkətin nümayəndəsi bu iddiaya etiraz edib. O deyib ki, tikinti bir neçə il davam edib və bu müddətdə heç bir narazılıq bildirilməyib: "Bu, spesifik tikinti olduğundan daim qarşı tərəfin nəzarətində olub. ""Forma 2" tərtib olunub. Bu zaman Müdafiə Nazirliyinin əməkdaşları çatışmazlıqlar barədə akt yazıblar. Aktı səlahiyyətli şəxslər imzalayıblar. Orada göstərilən qüsurlar aradan qaldırılandan sonra tikintinin dəyəri ödənilir. İddiaçının mövqeyi anlaşılmazdır, çünki onlar bütün işi qəbul ediblər".
Şirkət təmsilçisi bildirib ki, bütün tikililərdə təbii aşınma ola bilər: "Tikili dəniz kənarında yerləşən böyük bir sahədədir. Ərazinin rütubətli olması da nəzərə alınmalı idi".
Məhkəmənin gedişində də aydınlaşıb ki, şirkətin gördüyü işləri Müdafiə Nazirliyi qəbul edib. Sonradan çatışmazlıqlar yarananda nazirlik onların aradan qaldırılmasını tələb etsə də, qarşı tərəf razılaşmayıb.
Həm İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu, həm də Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzi hərbi şəhərcikdəki əsgər yataqxanası və yeməkxana binalarının yükdaşıyan konstruksiyalarının texniki vəziyyəti barədə rəy verib. Ekspertiza nəticələrinə görə, tikinti işləri düzgün aparılmayıb.
Bunu nəzərə alan Bakı Kommersiya Məhkəməsi çatışmazlıqların aradan qaldırılması üçün tələb olunan 3.6 milyon manatın şirkətdən tutulması barədə Müdafiə Nazirliyinin iddiasını təmin edib.
"Azərbaycan Bina Tikinti Kompaniyası" MMC bu qərarla razılaşmayaraq öncə apellyasiya, ardınca da Ali Məhkəməyə kassasiya şikayəti verib. Noyabrın 23-də Ali Məhkəmədə bu məsələyə baxılıb və yekun qərar çıxarılıb. Bu qərar da nazirliyin xeyrinə olub.
Şirkətin rəhbəri həbsdədir
"Azərbaycan Bina Tikinti Kompaniyası" MMC-nin rəhbəri Üzeyir Həsənov xüsusilə külli miqdarda mənimsəmə ittihamı ilə həbsdədir. Həsənov 2024-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilsə də, Ali Məhkəmə sonradan onun cəzasını 8 ilə endirib. Ona qarşı açılan cinayət işində də Müdafiə Nazirliyinin sifarişi ilə rayonlardan birində aparılan tikinti zamanı 7 milyon 353 min manat büdcə vəsaitinin mənimsənilməsindən bəhs olunur.
59 yaşlı Həsənov özünü təqsirli bilməmişdi.
"Mən niyə həbs olunmuşam, heç özüm də bilmirəm. Məni Maliyyə Nazirliyinin bir sənədi ilə tutublar. Halbuki mən artıqlaması ilə pul xərcləyib iş görmüşəm", – o, məhkəmədə belə demişdi.
AzadlıqRadiosu tərəflərdən əlavə açıqlama ala bilməyib.