Əli Kərimlinin məhkəməsində Ramiz Mehdiyev və qızı dindirilib
28 Noyabr 2026
Noyabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Yerli saytların məlumatına görə, həmin iclasda şahidlərin dindirilməsi başa çatıb.
Məhkəmədə Prezident Administrasiyasının sabiq rəhbəri, şərti məhkum Ramiz Mehdiyev videokonfrans vasitəsilə ifadə verib. O, evindən qoşulduğu iclasda Ə.Kərimli ilə bağlı sualları cavablandırıb.
Bundan sonra isə son olaraq R.Mehdiyevin qızı Kamilə Əliyeva hakim qarşısında dindirilib.
AXCP Mətbuat xidmətinin rəhbəri Natiq Ədilov bildirib ki, məhkəməyə onlayn qoşulan R.Mehdiyev Ə.Kərimli ilə heç bir əlaqəsinin olmadığını, ona məktub yazmadığını və dövlət çevrilişi niyyəti güdmədiyini söyləyib. Onun sözlərinə görə, R.Mehdiyev əlavə edib ki, haqqında danışılan məktubu prezidentə ünvanlayıb və orada ölkədəki vəziyyətlə bağlı tövsiyələri yer alıb.
N.Ədilovun vurğuladığına görə, R.Mehdiyevin qızı da ifadəsində Ə.Kərimlini qiyabi tanıdığını və ailəsinin AXCP sədri ilə heç bir əlaqəsinin olmadığını deyib.
AXCP Mətbuat xidmətinin açıqlamasında səsləndirilən fikirləri həmin şəxslərin özləri və ya vəkilləri ilə dəqiqləşdirmək mümkün olmayıb.