REAL-ın Siyasi Komitəsi İlqar Məmmədovun istefasını qəbul edib
16 Sentyabr 2024
Respublika Alternativi Partiyasının (REAL) Siyasi Komitəsi növbədənkənar parlament seçkilərinin nəticələrili bağlı ilkin müzakirələr aparıb. Seçki prosesi rəsmən başa çatandan sonra onun nəticələrinə və siyasi əhəmiyyətinə digər REAL namizədlərinin iştirakı ilə partiyanın yekun qiymətinin verilməsi qərara alınıb.
Siyasi Komitə İlqar Məmmədovun bu qurumun sədri vəzifəsindən istefası barədə ərizəsini qəbul edib.
Qərara alınıb ki, sədrliyin ötürülməsi işləri 30 sentyabr tarixində başa çatsın və yeni seçiləcək sədr oktyabrın 1-dən fəaliyyətə başlasın.
İlqar Məmmədov Siyasi Komitənin üzvü olaraq qalır və onun partiya işinin bundan sonra hansı istiqamətlərdə olacağı növbəti mərhələdə müəyyən ediləcək.
* Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası saxtalaşdırmaya dair sübutlara baxmayaraq, İlqar Məmmədovun seçki dairəsində parlament seçkilərinin nəticələrinin ləğvilə bağlı şikayəti təmin etmədikdən sonra o, partiya rəhbəri postundan istefa etdiyini bildirib.