Qvineya-Bisauda çevriliş olub, prezident həbs edilib
27 Noyabr 2025
Qvineya-Bisauda şevriliş olub, prezident Umaro Sissoko Embalo dövlət çevrilişi nəticəsində prezident sarayındakı kabinetində həbs edilb.
"Jeune Afrique" nəşri xəbər verib ki, ölkə prezidenti Umaro Sissoko Embalo ilə yanaşı, aparıcı müxalifət partiyası – Qvineya və Kabо-Verdenin Afrika Müstəqillik Partiyasının lideri Dominquş Simoyş Pereyra və həmin partiyanın prezident seçkilərindəki namizədi Fernandu Diaş de Koşta da həbs olunub. Onların harada saxlanıldığı məlum deyil.
Bundan başqa, Silahlı qüvvələrin Baş Qərargah rəisi general Byage Na Ntan, Baş Qərargah rəisinin müavini general Mamadu Ture və daxili işlər naziri Boçe Kande də həbs edilib.
Hərbçilər ölkə üzərində tam nəzarətin qurulduğunu və bütün sərhədlərin bağlandığını elan ediblər.
"Prezident və parlament seçkilərindən üç gün sonra Qvineya-Bisauda hərbçilər ölkə üzərində tam nəzarəti və seçki prosesinin dayandırıldığını elan ediblər", – məlumatda bildirilir.
Qvineya-Bisauda dövlət çevrilişi nəticəsində hakimiyyəti ələ keçirən hərbçilər ölkəni idarə etmək üçün ali orqan kimi intizamın bərpası üzrə Ali hərbi komandanlıq yaradıblar. Bunu milli televiziyada çıxışı zamanı briqada generalı Denis N"Kanya elan edib. Onun sözlərinə görə, komandanlıq ölkəni müvəqqəti idarə edəcək. Bu struktura kimin rəhbərlik etdiyi hələ açıqlanmayıb.
Hərbçilər artıq bütün mülki institutların fəaliyyətini dayandırıb, Qvineya-Bisaunun xarici sərhədlərini bağlayıb, gecə vaxtı komendant saatı tətbiq edib, KİV-lərin fəaliyyətini dayandırıb, 23 noyabrda keçirilmiş prezident və parlament seçkilərinin səslərinin sayımını dayandırıblar. Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası nəticələri 28 noyabrda elan etməyi planlaşdırırdı.
Qərbi Afrika dövlətinin başçısı prezident seçkilərinin ilk turunda qalib gəldiyini bəyan etdikdən üç gün sonra günorta saatlarında həbs olunub. Prezident qərargahından bildirilib ki, o, 65 % səslə seçkilərdə qalib gəlib.
Qeyd edək ki, Qvineya-Bisauda prezident seçkiləri noyabrın 23-də keçirilib. Rəsmi nəticələr noyabrın 27-də açıqlanmalı idi. Bu seçkilərdə Embalonun əsas rəqibi Fernandu Diaş da Koşta olub.
Hərbçilərin hakimiyyəti ələ almasından əvvəl general N"Kanya prezidentin hərbi kargüzarlığının rəhbəri vəzifəsini tuturdu. Bu qurum dövlət başçısının şəxsi təhlükəsizliyinin təmin olunması məsələlərinə cavabdeh idi.