"Qrem çox sevinirdi". ABŞ Senatında Rusiyaya qarşı yenilənmiş sanksiya layihəsi
16 İyul 2026
Qrem ölümündən cəmi bir gün əvvəl demişdi ki, Ağ evlə aylarla davam edən müzakirələrdən sonra əsas müddəalar üzrə razılıq əldə olunub.
ABŞ Senatında hər iki partiyanın təmsil olunduğu senatorlar qrupu iyulun 14-də "2026-cı il Rusiya Sanksiyaları Aktı"nı təqdim edib. Məqsəd Rusiyanın müharibəni maliyyələşdirmək imkanlarını zəiflətməkdir. Senatorlar əvvəlki variantların qəbulunu ləngidən narahatlıqları aradan qaldırmağı istəyirlər.
AzadlıqRadiosunun Vaşinqtondakı baş müxbiri Aleks Raufoğlu yazır ki, azı 26 senatorun həmmüəllif olduğu qanun layihəsinin yaxın günlərdə daha çox dəstək qazanacağı gözlənilir. Cənubi Karolina ştatından respublikaçı senator Lindsi Qremin həftəsonu vəfatından sonra bu sənəd əlavə siyasi əhəmiyyət qazanıb. Qrem qanun layihəsinin əsas müəlliflərindən idi.
“Onu heç vaxt belə həvəsli görməmişdim”
Senatda demokratların lideri, Nyu-York ştatından senator Çak Şumer qanun layihəsinin dərhal səsverməyə çıxarılmağa çağırıb, onun "Lindsi Qremin xatirəsinə" qəbul edilməli olduğunu deyib. Senatdakı respublikaçı çoxluğun lideri, Cənubi Dakota ştatından Con Tun isə "bunun reallaşacağına" ümidini bildirib.
Qanun layihəsi ilə bağlı bir ildən çox idi iki partiya danışıqlar aparırdı. Qrem ölümündən cəmi bir gün əvvəl demişdi ki, Ağ evlə aylarla davam edən müzakirələrdən sonra əsas müddəalar üzrə razılıq əldə olunub.
Həmkarlarının sözlərinə görə, Qrem ölümündən az əvvəl Ukraynadan qayıtmış və sanksiyalar paketini ABŞ Prezidenti Donald Trampla müzakirə etmişdi. O, administrasiyanın nəhayət bu təşəbbüsə dəstək bildirəcəyinə nikbin baxırdı.
"Çox sevinirdi. Onu heç vaxt belə həvəsli görməmişdim", – qanun layihəsi üzrə Qremin əsas demokrat tərəfdaşı, Konnektikut ştatından senator Riçard Blumental son söhbətlərini belə xatırlayıb.
Blumental bildirib ki, qanun layihəsinə Qremin adının verilməsini istəyir, sənədi "onun siyasi irsinin bir hissəsi" adlandırıb.
Tariflərin əsas hədəfi Rusiyanın enerji alıcıları olacaq
Yeni layihə Rusiya enerjisini alan bütün ölkələr üçün avtomatik 500 faiz tarif nəzərdə tutmur. Bunun əvəzinə, Rusiya nefti və təbii qazının ən böyük beş alıcısına 100 faizə qədər tarif tətbiqinə icazə verir. Layihənin müəlliflərinin sözlərinə görə, həmin ölkələr sırasında Çin və Hindistan da var.
Qanun layihəsi Rusiyanın illik təbii qaz ixracının 15 faizindən azını idxal edən, Rusiya enerjisindən asılılığı azaltmaq üçün "əhəmiyyətli addımlar atan" ölkələr üçün istisnalar nəzərdə tutur.
Layihə tərəfdarlarının fikrincə, bu dəyişikliklər ABŞ-nin müttəfiqləri üçün arzuolunmaz iqtisadi nəticələri azaldacaq, Kremlin ən mühüm gəlir mənbəyinə təzyiqi qoruyub saxlayacaq.
Qanun layihəsi qəbul olunduqdan sonra 30 gün ərzində Rusiya Prezidenti Vladimir Putinə, yüksək siyasi və hərbi rəhbərliyə, dövlət müəssisələrinə, maliyyə institutlarına sanksiyaların tətbiqini məcburi edir.
Əvvəlki variantlardan fərqli olaraq, yeni layihədə sanksiyaların Rusiyanın sülh danışıqlarında iştirakından asılı olması barədə müddəa çıxarılıb, bir çox cəza tədbirləri məcburi xarakter alıb.
Tramp administrasiyası ilə aparılan danışıqların əsas mövzularından biri prezidentin manevr imkanlarının qorunması idi.
Yenilənmiş layihəyə görə, prezident müəyyən hallarda sanksiyaların tətbiqini təxirə sala və ya onlardan imtina edə bilər. Amma demokrat senatorlar nəzarət mexanizmlərinin gücləndirilməsinə nail olublar. Layihəyə əsasən, administrasiya hər hansı sanksiya istisnası tətbiq edərsə, bu barədə Konqresi məlumatlandırmalı və qərarını əsaslandırmalıdır.
Tramp iyulun 14-də bildirib ki, qanun layihəsinin qəbul olunmaq "şansı yüksəkdir". Bununla yanaşı, o, İrana və "Hizbullah"a sanksiyaların da sənədə salınmasını təklif edib.