Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Qızıl top" Benzemaya verildi: Ali futbol mükafatları sahibini tapdı

"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının qalibi müəyyənləşib.

Bu mükafata İspaniya "Real Madrid"inin hücumçusu Kərim Benzema layiq görülüb.

Fransalı forvard karyerası ərzində ilk dəfə sözügedən titula sahib çıxıb.

35 yaşlı futbolçuya mükafatı həmyerlisi, Fransa millisinin əfsanəvi yarımmüdafiəçisi Zinəddin Zidan təqdim edib.

Qeyd edək ki, Kərim Benzema ötən mövsüm "kral klubu" ilə İspaniya çempionu və Çempionlar Liqasının (ÇL) qalibi olub. Madrid təmsilçisi cari mövsümün əvvəlində isə UEFA Super Kubokunu qazanıb.

Bundan başqa, təcrübəli forvard ötən mövsüm İspaniya La Liqasında 32 oyuna 27 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. O, ÇL-də isə 15 qol vurub, 2 məhsuldar ötürmə edib.

"Qızıl top"la bərabər, digər mükafatların da sahiblərinin adı bəlli olub.

İlin ən yaxşı gənc futbolçusu mükafatına İspaniya millisinin və "Barselona"nın yarımmüdafiəçisi Qavi layiq görülüb.

Ən yaxşı qadın futbolçu adına İspaniya millisinin və "Barselona"nın yarımmüdafiəçisi Aleksiya Putelyas layiq görülüb.

"Gerd Müller" mükafatının sahibi "Barselona"nın futbolçusu Robert Levandovski olub. Polşalı oyunçu ilin ən yaxşı hücumçusu seçilib.

Lev Yaşin" mükafatının qalibi adına "Real Madrid"in qapıçısı Tibo Kurtua sahib çıxıb.

İlin ən yaxşı komandası adına İngiltərənin "Mançester Siti" klubu layiq görülüb. "Şəhərlilər" ötən mövsüm Premyer Liqanın qalibi olub.

Tədbirdə yeni təsis edilmiş "Sokrates kuboku"nun da qalibi müəyyənləşib. Mükafatın ilk sahibi Almaniya "Bavariya"sından Sadio Mane olub. Bu mükafat ictimai və xeyriyyə layihələrində iştirak edən futbolçular üçün nəzərdə tutulub.