Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qırmızı, göy, yaşıl, sarı... Qarabağdakı separatçıların həyatı rəngarəng olacaq

Qarabağdakı ermənilərə ərzaq talonlarının verilməsinə başlanıb.

Yerli sakinlər bu gündən bitki yağlarını, düyünü, makaronu, qarabaşaq yarmasını və şəkəri talonlara ala biləcəklər.

Azadlıq Radiosunun Erməni xidməti – Azatutyun bildirir ki, talonlar yalnız Qarabağın yerli sakinlərinə deyil, bura Laçın dəhlizi bağlanmazdan əvvəl gələnlər və burda ilişib qalanlara da veriləcək.

Talonlarla bitki yağları adambaşına ayda 1 litr hesabından veriləcək. Başqa ərzaqlar üçün də talonlar ayda 1 kiloqram üçün nəzərdə tutulub.

Qırmızı, göy, yaşıl və sarı talonlar

Qeyd olunur ki, əhaliyə paylanacaq talonlar ərzağın növünə görə qırmızı, göy, yaşıl və sarı rəngdə olacaq.

Xəbər verilir ki, ilk partiya ilə verilən ərzaqlar bir ay üçün nəzərdə tutulub, növbəti partiya isə artıq 15 gün üçün veriləcək.

Maraqlıdır ki, Qarabağda ərzağın talonla verilməsi barədə Laçın dəhlizinin bağlanmasının ilk günlərindən söhbət açılır. Guya, o vaxt ehtiyat fondundan mağazalara verilmiş ərzaq çox tez bir zamanda satılıb qurtarmışdı.

Ərzağın əsasən mağazalarda işləyənlərin qohumlarına satıldığına dair məlumatlar var.

Amma nə sirdisə, yanvarın 16-da Qarabağdakı mağazalarda əsas ərzaq növlərinin hamısı olub.

Xatırlatma

Dekabrın 12-dən Azərbaycan vətəndaşları Ermənistanı Qarabağla birləşdirən Laçın dəhlizində növbəli aksiya keçirirlər.

Ermənistan Azərbaycanı bu aksiyanın arxasında durmaqda, Qarabağ ermənilərini blokadaya almaqda və "humanitar böhran" yaratmaqda ittiham edir.

Rəsmi Bakı isə bildirir ki, aksiyaçılar sərbəst toplaşmaq və etiraz etmək hüququna malikdirlər. Etirazçıların sözlərinə görə, onlar yolu bağlamayıblar, humanitar və təcili tibbi yardım maşınlarının keçməsinə imkan yaradırlar.

Bakı Qarabağda tanınmayan qurumu və Ermənistanı Azərbaycanın təbii sərvətlərini qanunsuz istismar etməkdə günahlandırır.