Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qırğızıstanda mənzillərin 'kotlovan'dan satışı və reklamı qadağan edilib

Qırğızıstanda tikinti şirkətlərinin "təməl mərhələsi" (kotlovan) bitənədək yaşayış və qeyri-yaşayış sahələrini satması, vətəndaşlardan vəsait toplaması və tikinti obyektlərini reklam etməsi qadağan olunub.

24.kg nəşrinin məlumatına görə, bununla bağlı müvafiq sərəncamı tikinti, memarlıq və mənzil-kommunal təsərrüfatı naziri Nurdan Oruntayev imzalayıb.

"Təməl mərhələsi" dedikdə, binanın bünövrəsinin qoyulması və bütün yeraltı tikinti işlərinin tam başa çatdırılması nəzərdə tutulur.

Bu mərhələ bitənədək tikinti şirkətləri paylı və ya ilkin tikinti müqavilələri imzalaya, həmçinin vətəndaşlardan və şirkətlərdən pul yığmağı nəzərdə tutan digər mülki-hüquqi əqdlər bağlaya bilməzlər.

Qaydaların icrasına Dövlət Memarlıq-Tikinti Nəzarəti Departamenti nəzarət edəcək, qanun pozuntularını aşkarlayacaq. Artıq tikinti şirkətləri arasında maarifləndirmə işlərinə başlayan qurum xəbərdarlıq edir ki, qaydalar pozulacağı halda ən sərt tədbirlər görüləcək və günahkarlar məsuliyyətə cəlb olunacaqlar.

"Azattyq Asia" yazır ki, son illər Qırğızıstanın tikinti sektorundakı sürətli artım onlarla fırıldaqçı tikinti şirkətinin meydana çıxmasına rəvac verib. Nəticədə minlərlə vətəndaş həm pulundan, həm də vəd edilən mənzilindən məhrum olub.

Belə şirkətlərin rəhbərlərinə qarşı, bir qayda olaraq, "dələduzluq" maddəsi ilə cinayət işi açılır; onlar saxlanılır, əmlakları və torpaq sahələri isə həbs olunaraq dövlət nəfinə müsadirə edilir.

Nazir Oruntayev ötən ay bildirib ki, ölkədəki 200-dən çox problemli çoxmərtəbəli binanın əksəriyyəti ilə bağlı məsələləri həll etmək mümkün olub. Buna baxmayaraq, aldadılmış vətəndaşlardan yeni şikayətlər daxil olmaqda davam edir.

Azərbaycanda da indiyədək yeni tikilən binalarla bağlı müxtəlif dələduzluq halları üzrə cinayət işləri açılıb. Burada ən çox rast gəlinən problem eyni mənzilin bir neçə nəfərə satılmasıdır. Baş Prokurorluğun 2023-cü il hesabatına görə, tikinti sektorunda eyni mənzili bir neçə nəfərə satan və tikintini yarımçıq qoyan 100-dən çox vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib.