Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qırğızıstan da Putindən xəritə istəyib

Qırğızıstan Təhlükəsizlik Şurasının katibi Marat İmankulov oktyabrın 17-də deyib ki, ölkə prezidenti Sadır Japarov Rusiya prezidenti Vladimir Putindən Qırğızıstan-Tacikistan sərhədinin demarkasiyası və delimitasiyasında kömək istəyib.

Qırğızıstan prezidenti belə bir xahişi MDB ölkələrinin Qazaxıstanda keçirilən sammitində Tacikistan prezidenti Emomali Rahmonla görüşərkən edib.

İmankulov inandığını bildirib ki, Moskva arxivlərində lazımi arxiv materialları və xəritələr tapıla bilər.

Putin bundan əvvəl demişdi ki, Moskvada bütün keçmiş sovet respublikalarının sərhədləri barədə bu ölkələrin özündə olduğundan daha “həqiqi” sənədlər var.

Japarov, Putin və Rahmon oktyabrın 13-də Astanada görüşüblər.

Qırğızıstan prezidentinin sözçüsü Erbol Sultanbayev o vaxt demişdi ki, bu danışıqların təşəbbüsçüsü kimi Rusiya prezidenti çıxış edib.

O bildirib ki, Qırğızıstan və Tacikistan arasında sərhəd mübahisələrinin çözülməsinə kömək etməyə hazırdır.

İtkilər

Ötən ay Qırğızıstan və Tacikistan arasında artilleriya atışmasından sonra iki ölkənin hökumətləri bir-birlərini təcavüzdə ittiham etmişdilər.

Qırğız rəsmilər bildirmişdilər ki, sərhəd toqquşmaları nəticəsində Qırğızıstanın 63 vətəndaşı həlak olub və 200-dək xəsarət alan var.

Tacikistan tərəfi itkilərinin 41 nəfər olduğunu bildirsə də, AzadlıqRadiosunun Tacik xidməti ölənlərin bundan iki dəfə çox olduğunu xəbər vermişdi.

Məlumatda deyilirdi ki, ölən 81 nəfərin təxminən yarısı mülkilər olub.

Mərkəzi Asiyanın çox yerlərində Sovet İttifaqı dağılandan sonra sərhəd mübahisələri qalxıb.

Qırğızıstan, Tacikistan və Özbəkistan sərhədlərinin görüşdüyü Fərqanə vadisinin eksklavlarında vəziyyət daha mürəkkəbdir.

Qırğızıstan və Tacikistan arasında 970 kilometrlik sərhədin böyük bir hissəsi hələ demarkasiya olunmayıb.