Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Qərbin bəxti gətirib ki, ABŞ-ın prezidenti Baydendir”

“Ukrayna davası bizim öz davamız, Bayden isə müharibə dövründəki prezidentimizdir” – Amerikanın məşhur yazarı Froma Harropun “Newsweek” həftəliyində dərc etdirdiyi məqaləsi belə adlanır.

Froma Harrop yazır: “Rusiya prezidenti Vladimir Putinin Ukraynaya amansız hücumu onun həqiqətən şər olduğunu və yürüşünü Qərbə doğru genişləndirə biləcəyini Avropaya başa saldı.

Uzun müddət birmənalı şəkildə neytral mövqedə duran İsveç və Finlandiyanın bu gün NATO üzvlüyünə ciddi maraq göstərməsi
təsadüfi deyil. Məhz Ukraynanın NATO üzvü olmaması səbəbindən alyans ora qoşun yeritməkdən çəkinir.

Qərbin bəxti gətirib ki, ABŞ-ın prezidenti Donald Tramp yox, Cozef Baydendir. Təkbaşına döyüşən Ukraynaya sel kimi axan silahlara baxanda Cozef Baydeni Franklin Ruzveltin, Ukrayna prezidenti Vladimir Zelenskini Uinston Çörçillin rolunda görürsən. Və ABŞ lideri bu işi ehtiyatla, müttəfiqləri ilə iş apara-apara görür. Bir yandan Rusiyanı maliyyə təzyiqi altına alır, Ukraynaya müdafiə oluna bilməsi üçün hərbi texnika yollayır, o biri yandan da daha iri miqyaslı münaqişədən yayınmağa çalışır.

İşə bax, bütün günü bununla məşğul olasan, nəticədə də siyasi faydan olmaya. Putinlə qarşıdurma ABŞ-da benzini, ərzağı bahalaşdırıb, inflyasiya ipoteka kreditinin qiymətini qaldırıb. Amerikalılar bundan narahatdırlar. Amma Ukraynadakı qətliam da amerikalıları narahat edir. Belə bir vəziyyətdə adəti üzrə günahlandırılan şəxs prezident olur, baxmayaraq ki, böhranı yaradan o deyil, üstəlik, böhranın öhdəsindən gəlmək üçün əlindən gələni edir”.

Froma Harrop hesab edir ki, Cozef Bayden strateji neft ehtiyatlarından gündə 1 milyon barrel neft çıxarılmasına qərar versə də, ictimai torpaqların bir qismini yeni qazma işlərinə ayırsa da, iqlim dəyişikliyindən narahat olanlar gərək dilini dilçəyində saxlasınlar: “Donald Tramp ikinci səlahiyyət müddətinə prezident seçilsəydi, yaxud seçkidə uduzandan sonra çevriliş etməyi bacarsaydı, Amerikanın milli təhlükəsizliyi saysız-hesabsız təhdidlə üzləşəcəkdi”.

Məqaləsində Donald Trampı Vladimir Putinin maniakal planının bir parçası kimi qiymətləndirən Froma Harrop bildirir ki, ruslar on illər boyu Trampı idarə ediblər: “1987-ci ildə Tramp qəzetdə bir səhifəlik reklam yerləşdirmişdi. Həmin reklamda o, başqalarını qorumaq üçün pul xərcləməyi dayandırmağa çağırış etmiş və amerikalıları NATO-dan çıxmağa səsləmişdi.

Prezidentlər Corc Buş və Barak Obama da digər ölkələri müdafiə xərclərini artırmağa, yəni Amerikanı az xərcə salmağa çağırıblar, ancaq onlar bundan ABŞ-ın təhlükəsizliyini təhdid altında qoymaq üçün bəhanə kimi istifadə etməyi ağıllarına belə gətirməyiblər.

Trampın qəzetdəki çağırışı Rusiyanın müflisləşməkdən xilas etdiyi daşınmaz əmlak sərmayəçisinin (yəni Trampın) təkrarladığı bir ruspərəst tezis idi. Tramp eyni zamanda rusiyalı oliqarxların və mafiyaların əmlaklarını ABŞ-da anonim şəkildə nağd pula satmaqla onların çirkli pullarını yumaqla məşğul idi.

Mayaminin Günəşli adalar çimərliyindəki dəbdəbəli “Tramp qüllələri” buna bir misaldır. Həmin qüllələr indi “Kiçik Rusiya” kimi tanınır.

ABŞ kəşfiyyatının qənaətinə görə, 2016-cı ildə rusiyalılar yoldaş Trampın qalib gəlməsi üçün prezident seçkisinə müdaxilə ediblər. Tramp isə üç il sonra Ukraynaya 400 milyon dollara yaxın hərbi yardımın qarşısını kəsməklə ruslara kömək edib.

Trampın iddiasına görə, o, prezident olsaydı, Putin heç vaxt Ukraynanı işğal etməzdi. Həqiqət isə başqa cürdür.

Deyilənə görə, Trampın müşavirləri NATO-nun dağılmasının onu nüfuzdan salacağını və yenidən prezident seçilmək şansına xələl gətirəcəyini söyləyəndə Tramp alyansı dağıtmaq planını ikinci dəfə prezident seçiləndən sonra, yəni prezidentliyinin ikinci müddətində reallaşdıracağını bildirib.

Əgər Tramp ikinci seçkini qazansaydı, Putin indi Şərqi Avropada və kim bilir daha haralarda at oynadırdı.

Ukraynaya müdaxiləyə görə Putini “dahi” adlandıran Tramp deyib: “Mən onu çox yaxşı tanıyıram. Çox, çox yaxşı”.

Amma görünür, o qədər də yaxşı tanımırmış. Hər halda Putin Trampı daha yaxşı tanıyır, nəinki Tramp Putini”.

Froma Harrop məqaləsini bu sözlərlə bitirir: “Müharibə dövrünün prezidenti kimi Baydenin bir missiyası var: təcavüzkarı dayandırmaq. İnflyasiya onun reytinqinə necə təsir edir, rəy sorğuları təqribən hansı rəqəmləri göstərir – Bayden oturub diqqətini bu məsələlərə yönəltməyə ixtiyarı yoxdur. Mədəni müharibələr hələ gözləyə bilər. İndi yeganə vacib müharibə Putini məğlub etmək uğrunda aparılan müharibədir”. (Novator)