Qərb və Şərq bir əldə cəmləşir: İran Çinlə münasibətləri də Qalibafa tapşırdı
19 May 2026
İran İslam Şurası Məclisinin (parlament) sədri Məhəmməd Baqir Qalibaf Çinlə işlər üzrə xüsusi nümayəndə təyin edilib. Təhlilçilərin fikrincə, bu addım yalnız ikitərəfli münasibətlərlə bağlı mesaj vermir, Pekindən daha çox Vaşinqtonla əlaqəlidir.
Hökumət təyinatla bağlı rəsmi açıqlama verməyib. Xəbəri ilk olaraq İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yaxın "Tasnim" və "Fars" agentlikləri məlumatlı mənbələrə istinadən yayıb. Hər iki agentlik bildirib ki, keçmiş SEPAH komandiri olan Qalibaf prezident Məsud Pezeşkianın təklifi və ali rəhbər Müctəba Xameneinin təsdiqi ilə bu vəzifəyə gətirilib.
"Tasnim"in mənbələri deyib ki, bu vəzifə səlahiyyət miqyasına görə Qalibafdan əvvəlki təmsilçilərin fəaliyyətindən fərqlənir. Lakin detallar açıqlanmayıb. Əvvəlki nümayəndələr ayrı-ayrı mandatlarla fəaliyyət göstəriblər: martda İsrailin hücumu nəticəsində öldürülən Əli Laricani ali rəhbərin Çin məsələləri üzrə təmsilçisi idi, Əbdülrza Rəhmani Fəzli isə prezidentin nümayəndəsi kimi çıxış edirdi.
AzadlıqRadiosunun İran üzrə yazarı Kian Şərifi qeyd edir ki, Qalibafın təyinatı faktiki olaraq bu iki xətti daha güclü bir vəzifədə birləşdirir.
"Tasnim"ə görə, "Qalibaf prezidentin və ya ali rəhbərin deyil, İranın xüsusi nümayəndəsidir".
Məqsəd ona ABŞ ilə mümkün danışıqlarda daha mühüm rol verməkdir
Almaniyada yaşayan iranlı siyasi analitik Əmir Çahaki AzadlıqRadiosunun fars xidmətinə bildirib ki, bu təyinata ilk növbədə ABŞ-İran danışıqlarının dayanması kontekstində baxılmalıdır: "Fikrimcə, bu addım Qalibafın Amerika ilə danışıqlardakı mövqeyini gücləndirəcək. Məqsəd parlament sədrinə ABŞ ilə mümkün danışıqlarda daha mühüm rol verməkdir".
Təhlilçi deyir ki, Çin diplomatik dayaq nöqtəsi kimi Tehran üçün getdikcə daha vacib hala gəlir və Pekin artıq "strateji vasitəçi kimi Rusiyanı belə geridə qoyub".
İran hakimiyyətinə yaxın analitiklər isə bu təyinatı məqsədli strateji siqnal sayırlar. Mühafizəkar keçmiş iqtisadiyyat naziri Ehsan Xənduzi sosial şəbəkə hesabında bunu "İran-Amerika qarşıdurmasının mürəkkəb meydanında yeni kart" adlandırıb. Onun fikrincə, İran indi Pekinlə "strateji tərəfdaşlıq paketi" hazırlamalı və bunu gerçəkləşdirmək üçün çevik, tam səlahiyyətli qurum yaratmalıdır.
Çinlə bağlı əvvəlki fəaliyyət zəif olub
Tehranda yaşayan, hakimiyyətə yaxın mövqeyi ilə tanınan təhlilçi Mustafa Nəcəfi isə daha əvvəl Çinlə bağlı fəaliyyətin zəif olduğunu qeyd edib. O, "X" platformasında yazıb: "Son illər İran-Çin münasibətlərinin strateji istiqamət kimi inkişafı müxtəlif şəxslərə və qurumlara tapşırılmışdı. Lakin əvvəlki təmsilçilərin heç biri bu işi qənaətbəxş nəticəyə çatdıra bilmədi".
Nəcəfin sözlərinə görə, Qalibafın idarəçilik təcrübəsi, irimiqyaslı infrastruktur və iqtisadi layihələri idarəetmə bacarığı onu Pekinlə əməkdaşlıq üçün ən uyğun fiqura çevirir. Çin adətən layihələri operativ şəkildə icra etmək və sürətli qərarlar vermək qabiliyyətinə malik şəxslərlə tərəfdaşlığa daha çox üstünlük verir.
İran və Çin 2021-ci ildə 25 illik hərtərəfli əməkdaşlıq sazişi imzalasa da, onun icrası ləng gedib və vəd edilən investisiyaların çoxu reallaşmayıb.
Qalibafın təyinatı İranın ABŞ ilə 40 günlük döyüşlərdən sonra əldə olunmuş kövrək atəşkəsi qorumağa çalışdığı, sülh danışıqlarının dalana dirəndiyi və Pakistanın vasitəçiliyi davam etdirdiyi bir vaxta təsadüf edir. O, apreldə İslamabadda Vaşinqtonla yeganə birbaşa danışıqlarda İran nümayəndə heyətinə rəhbərlik edib. Parlament sədrinə Çinlə bağlı məsələlərin tapşırılması onu göstərir ki, Tehran həm Şərq tərəfdaşlığını, həm də Qərblə qarşıdurma xəttini eyni vaxtda ən etibarlı fiqurlarından birinin əlində cəmləşdirir.