Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Qazaxıstan böhranı SSRİ-ni yoxdan var edə bilər”

ABŞ-ın “Wall Street Journal” qəzetində “Qazaxıstan böhranı Sovet İttifaqının dirçəlməsi deməkdirmi?” başlıqlı məqalə dərc olunub.

Məqalənin müəllifi 2005-2006-cı illərdə ABŞ-ın NATO-da elçisi, 2018-2019-cu illərdə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi vəzifələrində çalışmış Con Boltondur.

Con Bolton Rusiya prezidenti Vladimir Putinin neçə ildir keçmiş Sovet İttifaqı məkanında hegemonluğa can atdığını, son günlər Qazaxıstanda baş qaldıran böhranın isə ona öz strategiyasını daha effektiv şəkildə həyata keçirmək üçün əlavə imkanlar açdığını yazır və Qərbin bunu ciddi qarşılamamasını kobud yanlışlıq kimi qiymətləndirir.

Müəllif qeyd edir ki, Qazaxıstan bulki böhrana qədər də təhlükəsizlik məsələlərində Rusiyayönlü siyasət yürüdüb. Ancaq böhran baş verən kimi Rusiya rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müdafiəsi Təşkilatının sülhməramlı qüvvəsi adı altında, həm də guya Qazaxıstan rəhbərliyinin xahişinə görə məcburiyyət qarşısında qalaraq qazax torpağına qoşun yeridib və Con Boltonun fikrincə, buna ayrıca götürülmüş hadisə kimi baxmaq olmaz.

Müəllif xatırladır ki, Rusiya öz qoşunlarını artıq Azərbaycanda (Qarabağ bölgəsinin separatçıların nəzarəti altında olan hissəsində), Moldovada (separatçıların nəzarət etdiyi Dnestryanıda), Gürcüstanda (separatçıların nəzarət etdiyi Cənubi Osetiyada və Abxaziyada), Ukraynada (ilhaq olunmuş Krım yarımadasında və Donbas bölgəsinin separatçıların nəzarəti altında olan hissəsində) da yerləşdirib.

Con Bolton vurğulayır ki, sabah Moskva Qazaxıstandakı kimi çox asanlıqla, Minskdən rəsmi dəvət almaqla Belarusda da hərbi düşərgə sala bilər. Bundan başqa, Ukrayna prezidenti Vladimir Zelenskinin bir neçə dəfə həyəcan təbili çalıb dediyi, amma Qərbin ciddiyə almadığı təhlükə reallaşa bilər: Moskva Kiyevdə ruspərəst qüvvələrin hakimiyyətə gəlişini təşkil edib, sonra elə rəsmi Kiyevin çağırışıyla Ukraynanın qalan hissəsinə ordu yeridə bilər.

Ona görə də Con Bolton xüsusilə Qazaxıstan hadisələrindən sonra Moskvanın bir müddətdir Qərb qarşısında Ukrayna ilə bağlı irəli sürdüyü əsas şərtə (Ukraynanı Rusiyanın təsir dairəsində olan məkan kimi tanmaq, Ukraynanın NATO-ya qəbul edilməyəcəyi haqda öhdəlik götürmək) əməl olunmasını qəti şəkildə yolverilməz sayır.

Müəllif “Qazaxıstan böhranı Sovet İttifaqının dirçəlməsi deməkdirmi?” məqaləsini bu cümlələrlə bitirir: “NATO təcili surətdə alyansa üzv olmayan keçmiş sovet respublikaları üzrə strategiya hazırlamalıdır. NATO-nun həmin respublikaları müdafiə etmək öhdəliyinin olmadığını əldə bayraq etmək lazım deyil, bu cür yanaşma strateji reallığa ziddir. Rusiyanın o respublikaların təhlükəsizliyinə törətdiyi təhdid heç bir halda NATO-dan yan keçə bilməz. Təsadüfi deyil ki, neytral ölkə olan Finlandiya da NATO-ya üzv olmaq qərarı verməyə suveren haqqı çatdığını bəyan edib. Bir başqa neytral ölkənin – İsveçin də oxşar bəyanat verməsinə tez-tez çağırışlar edilir.

Putinin işğalçılıq planını yalnız NATO-nun qətiyyəti puça çıxara bilər. Yox, NATO fərqli mövqe tutsa, “beynəlxlaq nizamın qaydalarına uyğun” ritorika ilə kifayətlənsə, eləcə tərəfləri “təmkinli davranmağa” çağırmaqla məşğul olsa, onda bir gün Qazaxıstan böhranı tarixə Sovet İttifaqını yoxdan var eləmiş hadisə kimi düşə bilər”.

Qazaxıstanda yanvarın 2-də sosial və siyasi tələblərlə başlanan kütləvi aksiyalar yanvarın 5-dən hökumət qüvvələri ilə toqquşmalara və iğtişaşlara gətirib. 160-dan çox adamın öldüyü, yüzlərlə adamın yaralandığı, 6 minə yaxın şəxsin tutulduğu xəbər verilir.

Prezident Qasım-Comərd Tokayev ölkədə sabitliyin bərpası üçün yanvarın 5-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) yardım istəyib. Yanvarın 6-dan KTMT-nin sülhməramlı hərbi kontingentinin Qazaxıstana yeridilməsinə başlanıb. Yanvarın 9-da bu prosesin başa çatadığı açıqlanıb.

Hərbi kontingentdə Rusiya 3000 nəfərlə təmsil olunur. Belarus Qazaxıstana 500, Tacikistan 200, Qırğızıstan 150, Ermənistan 100 hərbçi göndərib. (Novator)