Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qarabağdakı separatçılar Rusiyadan təminat istəyirlər

Oktyabrın 30-da Azərbaycanın Xankəndi şəhərinin mərkəzində kütləvi aksiya keçirilib. Qarabağdakı separatçı rejimin indiki və keçmiş başçılarının mitinqə qatıldığı bildirilir.

Elə həmin gün separatçı qurumun "parlamenti" Rusiyadan "Qarabağ xalqının təhlükəsizliyini təmin etmək üzrə öhdəliklərini yerinə yetirməyi" xahiş edib.

Separatçı rejim Rusiyaya müraciətində Moskvaya bu məqsədlə “əlavə siyasi və hərbi mexanizmlər” tətbiq etmək təklif olunub. Ancaq bəyanatda konkret hansı mexanizmlərin nəzərdə tutulduğu göstərilmir.

Amma müraciətdə Qarabağın Azərbaycanın tərkibində olmayacağı tezisi yer alıb. O da vurğulanıb ki, "Ermənistanda heç bir hökumətin Qarabağ xalqının təhlükəsizliyini təmin etmək missiyasından əl çəkməyə və hər hansı sənədə baxmağa haqqı yoxdur...".

Bugünkü görüş öncəsi verilən bəyanatlar


Qarabağdakı kütləvi tədbir Rusiyanın Soçi şəhərində Azərbaycan, Rusiya və Ermənistan liderlərinin oktyabrın 31-də gözlənilən görüşündən bir gün öncə keçirilib.

Ermənistanın Baş naziri Nikol Paşinyan 29 oktyabr açıqlamasında Qarabağdakı Rusiya hərbçilərinin mandatının 10-20 ilədək uzadılması haqda sənədə imza atmağa hazır olduğunu deyib.

Rusiya Prezidenti Vladimir Putin isə ötən həftə Valday Forumunda çıxışında deyirdi ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin "Vaşinqton variantı" Qarabağ üzərində Bakının suverenliyini nəzərdə tutur. Onun sözlərinə görə, hansı variantı seçmək Ermənistanın, erməni xalqının və Ermənistan rəhbərliyinin öz işidir. Ancaq Putin onu da qeyd edirdi ki, Ermənistana nəyisə diktə etməyə hazırlaşmırlar.

Azərbaycan rəsmiləri susur


Azərbaycan hələlik, nə Putinin, nə də Paşinyanın son bəyanatlarına münasibət bildirib. Ancaq Prezident İlham Əliyev dəfələrlə çıxışlarında Qarabağ məsələsinin Azərbaycanın daxili işi olduğunu, orada yaşayan erməni əhalisinin həyatını necə qaydaya salacağlarını heç bir beynəlxalq mərkəzlə müzakirə etməyəcəklərini deyib.

Prezident Qarabağdakı ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyadan başqa yolu olmadığını da bildirir. Əliyevin sözlərinə görə, kim hesab edirsə ki, onlara Azərbaycan vətəndaşı kimi yaşamaq lazımdır, peşman olmayacaq. Bunu özünə münasib saymayanlar isə başqa yaşayış yeri seçə bilərlər.

Ermənistan rəhbərliyi Azərbaycanı Xankəndindəki qondarma rejimlə birbaşa danışıqlara çağırıb. Prezident Əliyev isə Qarabağın erməni əhalisinin nümayəndələri ilə bir müddətdir qeyri-formal əlaqələrin aparıldığını söyləyib.