Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qanunsuz pul köçürülməsinə görə yeni cəzalar

Prezident İlham Əliyev Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri imzalayıb.

Cinayət Məcəlləsində yeniliyə görə, qaçaqmalçılıq əlamətləri olmadan xarici ölkəyə və ya xarici ölkədən əvəzləşdirmə və başqa qarşılıqlı hesablaşma üsulları ilə xeyli miqdarda (əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ) qanunsuz pul köçürülməsi cinayətin predmetinin dəyərinin qırx faizi miqdarında cərimə və ya həmin miqdarda cərimə edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır.

Eyni əməlləri vəzifəli şəxs öz qulluq mövqeyindən istifadə etməklə törətdikdə; əməllər külli miqdarda (iki yüz min manatdan artıq olan məbləğ) törədildikdə cinayətin predmetinin dəyərinin qırx faizindən altmış faizinədək miqdarında cərimə və ya cinayətin predmetinin dəyərinin qırx faizi miqdarında cərimə edilməklə iki ildən dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası verilir.

Həmin əməllər xüsusilə külli miqdarda (beş yüz min manatdan yuxarı olan məbləğ) törədildikdə cinayətin predmetinin dəyərinin qırx faizindən altmış faizinədək miqdarında cərimə edilməklə üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası düşür.

İnzibati Xətalar Məcəlləsində dəyişikliyə əsasən, xarici ölkəyə və ya xarici ölkədən az miqdarda (əlli min manatadək) qanunsuz pul köçürülməsi inzibati xətanın bilavasitə obyekti olan pul vəsaiti məbləğinin qırx faizindən altmış faizinədək məbləğdə cəriməyə gətirir.