Logo
news content
User
Kateqoriyalar

Xəbər

Putinin yolunu tutan Orban: Daha bir prezident Ukrayna ərazisinə göz dikib

Macarıstanın baş naziri Viktor Orbanın Budapeştdə Macarıstan və Yunanıstan futbol yığmalarının dostluq matçında ölkənin 1920-ci il xəritəsi həkk olunmuş şərfdə görünməsi diplomatik qalmaqal yaradıb.

1920-ci ildə Rumıniya, Avstriya, Slovakiya, Serbiya, Xorvatiya və Ukraynanın müəyyən hissələri Macarıstanın tərkibində olub.

Xəbər verilir ki, Macarıstanın Kiyev və Buxarestdəki səfirləri baş nazirin hərəkəti ilə bağlı Ukrayna və Rumıniya XİN-lərinə dəvət ediliblər.

Rumıniya XİN Macarıstan səfirinə “qətiyyətli etirazını” bildirib.

Ukrayna XİN-də isə səfirdən Budapeştin rəsmən üzr istəməsi və Ukraynanın ərazi bütövlüyünə “qəsdlə” bağlı izahat verməsi tələb olunub.

Orban Facebook-da nə yazıb


Ukrayna XİN-in nümayəndəsi Oleq Nikolenko Facebook səhifəsində yazıb:

"Viktor Orban futbol matçına üzərində Ukrayna ərazisi Macarıstanın bir hissəsi kimi göstərilən xəritə çəkilmiş şərflə gəlib. Macarıstanda təftişçilik ideyalarının təbliğatı Ukrayna-Macarıstan münasibətlərinə xidmət etmir və Avropa siyasətinə ziddir”.

"Meduza” qəzeti yazır ki, sözü gedən şərfi Orbana macar azarkeşlərdən biri verib.

Orbanın özü daha sonra Facebook səhifəsində yazıb:

“Futbol siyasət deyil. Gəlin olmayanı axtarmayaq. Macarıstan yığması harada yaşamasından asılı olmayaraq hər bir macarın komandasıdır”.

Trianon müqaviləsinin əks-sədası


Vaxtilə Avstriya-Macarıstan imperiyasının bir hissəsi olan Macarıstan I Dünya Müharibəsindən sonra 1921-ci ildə Trianon sülh müqaviləsini imzalamaqla ərazilərinin üçdə ikisini itirib.

Baş nazir Viktor Orbanı Moskva ilə sıx əlaqələrinə və Ukraynaya Rusiyanın təcavüzündən müdafiə olunması üçün hərbi dəstək vermədiyinə görə tez-tez tənqid edirlər.

Məsələn martın 26-da Orban demişdi ki, onun ölkəsi Rusiya neft və qazına qoyulan embarqoya qoşulmayacaq.

O habelə demişdi ki, Ukrayna prezidenti Volodimir Zelenskinin Budapeştdən Rusiyaya qarşı hərbi dəstək gözləməsi Macarıstanın iqtisadi maraqlarına uyğun deyil.