Logo
news content
User
Kateqoriyalar

Xəbər

Putinin dostu "Domodedovo" aeroportunu alıb

Rusiyanın "Domodedovo" aeroportunun satışı üzrə hərracı "Şeremetyevo"nun törəmə strukturu qazanıb. Bu haqda "Vedomosti", RBK və "Kommersant" mənbələrə istinadla xəbər yayıblar.

"The Bell" yazıb ki, hərrac holland auksionu formasında keçirilib: dövlət 132.3 milyard rubl (1.76 milyard ABŞ dolları) başlanğıc qiyməti tədricən aşağı salıb, iştirakçılardan biri aktivi həmin qiymətə almağa razılaşanadək proses davam edib.

RBK xəbər verir ki, hava limanı ilkin qiymətindən iki dəfə ucuz satılıb. Mənbənin dediyinə görə, yekun məbləğ 66 milyard rubl (877 milyon dollar) təşkil edib.

Hərraca yalnız "Şeremetyevo" və "Vnukovo" hava limanlarının törəmə strukturları qatılıblar.

"The Bell" yazırdı ki, "Domodedovo" Rusiyada bu sahə üzrə, demək olar, bütün investorlar üçün maraqlı olub. Amma lotun qiymətinin həddən artıq yüksək olması səbəbindən onlar auksionda iştirak etməyiblər.

Məhkəmə iyunda "Domodedovo"nu dövlətin xeyrinə müsadirə edib. Buna keçmiş sahib Dmitri Kamenşikin aktivləri ofşor şirkətlər vasitəsilə alması göstərilib. Onun daha sonra tərəfdaşı Valeri Koqanla birlikdə Rusiyadan borcların və dividendlərin ödənilməsi adı altında 18 milyard rubldan (239 milyon dollar) çox vəsait çıxardığı bildirilib.

"Şeremetyevo"nun şəriki Rusiya prezidenti Vladimir Putinin dostu Arkadi Rotenberqdir. "Şeremetyevo Holdinq"in 34.8 faizi ona məxsusdur.