Putin Zelenskini danışıqlar üçün Moskvaya çağırdı, Ukrayna rədd etdi
04 Sentyabr 2025
Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, Ukrayna lideri Volodimir Zelenski ilə görüşü heç vaxt istisna etməyib, lakin bunun məqsədəuyğunluğuna şübhə edir.
O, bunu Pekində keçirdiyi mətbuat konfransında bildirib.
"Cənab Zelenski ilə görüşə gəlincə, mən heç vaxt bu görüşün mümkünlüyünü istisna etməmişəm. Bunun bir mənası varmı?", - o bildirib.
Putin onu da deyib ki, əgər Ukrayna Prezidenti danışıqlar istəyirsə, "qoy Moskvaya gəlsin, görüşümüz orada baş tutacaq".
Ukrayna XİN Putinin Moskvada görüşmək təklifini qəbul etməyib. Bu barədə Ukrayna xarici işlər naziri Andrey Sibiqa bildirib.
"Hazırda ən azı yeddi ölkə görüş keçirməyə hazırdır. Bunlar Avstriya, Vatikan, İsveçrə, Türkiyə və üç Körfəz dövlətidir. Bunlar ciddi təkliflərdir və Prezident Zelenski istənilən vaxt belə bir görüşə hazırdır", - Ukraynanın xarici işlər naziri Sibiqa sosial şəbəkədə yazıb.
Qeyd edək ki, bu gün Putin görüş üçün Zelenskini Moskvaya dəvət edib.