Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Putin yüz minlərlə insanı bu qana bulaşdırmaq istəyir”. Rusiya səfərbərlik elanına necə reaksiya verdi


Sentyabrın 21-də səhər saatlarında Rusiya prezidenti Vladimir Putin Ukraynadakı döyüşlərə yeni hərbi qüvvə cəlb etmək üçün qismən səfərbərliyin tətbiq olunduğunu elan edib. Müdafiə naziri Sergey Şoyqu bildirib ki, ehtiyatda olan 300 min nəfərin səfərbər edilməsi planlaşdırılır. Səfərbərlik tədbirləri bu gün başlayacaq və Rusiyanın bir çox regionlarının rəhbərləri artıq qismən səfərbərlik üzrə işə başladıqlarını açıqlayıblar.





Putinin ardınca müdafiə naziri Şoyqu çıxış edərək bildirib ki, Ukraynada altı aydan çox davam edən müharibədə Rusiyanın itkiləri, təxminən, 6000 nəfər təşkil edib. Şoyqunun qeyd etdiyi rəqəm BBC-nin rus xidmətinin “Mediazona” nəşri (Rusiyada “KİV- xarici agent” kimi tanınır) və könüllülər komandası ilə birlikdə təsdiqlədiyi itkilərdən azdır.





Şoyqu bildirib ki, Rusiyanın 25 milyon nəfərlik "böyük səfərbərlik ehtiyatı" var. Onun sözlərinə çoxları təəccübləndi: həm Rusiya itkilərinin azlığına görə, həm də bu qədər az itki ilə daha yüz minlərlə insanı çağırmaq lazım olduğuna görə.


Rusiyanın müxalif siyasətçiləri və hərəkatları rusları səfərbərliyə etiraz etməyə və bunun qarşısını hər yolla almağa çağırıblar və müharibə tərəfdarları “xüsusi əməliyyat”dan qlobal qarşıdurmaya çevrilsə belə, qələbəyə qədər mübarizə aparmaq lazım olduğunu deyirlər.




Rusiya səfərbərliyə necə reaksiya verdi - BBC Rusca Xidmətinin icmalında.





NATO-dan müdafiə - Rusiya rəsmiləri səfərbərliyin vacibliyini necə izah edirlər?




Qismən səfərbərlik barədə qərar Rusiyanın NATO-nun hərbi potensialı ilə üz-üzə qalması ilə əlaqədar qəbul edilib, Kremlin sözçüsü Dmitri Peskov bildirib. O, Putinin ümumi səfərbərlikdən söhbət getməyəcəyinə inandırdığı əvvəlki açıqlamalarını belə izah edib.





Peskov əlavə edib ki, Kreml Prezident Administrasiyasının əməkdaşlarının səfərbərliyə alınıb və ya alınmayacaqlarını nəzərdən keçirəcək. Dövlət Dumasının spikeri Vyaçeslav Volodin də deputatların və Duma aparatının əməkdaşlarının mümkün səfərbərliyini müzakirə edəcəyini bildirib. "Kimlər tələb oluna bilər, qərar vermək lazımdır. Biz yalnız onu dəstəkləyəcəyik", - Volodin bildirib.





Putinin səfərbərlik haqqında fərmanına ilk reaksiya verənlər öz bölgələrində səfərbərlik təşkil etməli olan qubernatorlar oldu. Bir çox qubernatorun özləri çağırış komissiyalarına rəhbərlik etdilər və yekdilliklə Putinin qərarını dəstəkləməyə başladılar.





Nenets Muxtar Dairəsinin rəhbəri Yuri Bezdudnı bildirib ki, Rusiyanın əsas məqsədi Donbası “Kiyev təcavüzkar rejimi”ndən azad etməkdir. "Mən neonasistlərin özlərindən sonra Mariupolda qoyduqları dəhşəti öz gözlərimlə gördüm. Bu şəhərin azad edilmiş sakinlərindən isə minnətdarlıq sözləri eşitdim. İşğaldan azad edilmiş ərazilərdə yaşayan insanların əksəriyyəti neonasistlərin boyunduruğu altında qalmaq istəmir”, - Bezdudnı yazıb.





Çelyabinsk vilayətinin başçısı Aleksey Teksler “Rusiyanın suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyü”nün müdafiəsi və “Donbas xalqlarına” dəstək üçün səfərbərliyin zəruriliyini açıqlayıb.









Rusiyada yarım hərbi səfərbərlik elan edilib








"Bizi zəiflətmək, parçalamaq və məhv etmək olmaz. <...> regionumuz ölkənin bütün digər subyektləri kimi vətəndaşların hərbi xidmətə çağırılmasını təmin etməyə borcludur", - deyə Ulyanovsk qubernatoru Aleksey Russkix bildirib. “Ulyanovsk vilayətinin zavodları həmişə dövlətimizin təhlükəsizliyinin keşiyində dayanmış və durmaqda davam edir, rayonumuzdakı müdafiə zavodlarının məhsulları yüksək qiymətləndirilir”.





Müxalifət nəyə çağırır?




“Vesno” hərəkatı ümumrusiya etiraz aksiyasına çıxmağı təklif etdi. Onlar sosial şəbəkələrdə "Məzarlaşdırmaya yox!", - yazıblar. "Minlərlə rus kişisi - atalarımız, qardaşlarımız və ərlərimiz müharibənin ətçəkən maşınına atılacaq. Onlar nəyə görə öləcəklər? Analar, uşaqlar nə üçün göz yaşı tökəcəklər? Putinin sarayına görəmi?"





Ciddi rejimli koloniyada olan müxalifətçi Aleksey Navalnı da səfərbərliyə münasibət bildirib. Səfərbərlikdən xəbər tutanda o, sadəcə olaraq, koloniyaya qarşı iddiaları ilə bağlı məhkəmə iclasında iştirak edirdi.





“Mən bir şeyi başa düşə bilmirəm.  Ordu – milyon nəfər, Milli Ordu 350 min nəfərdir, Daxili İşlər Nazirliyi daha bir yarım-iki milyon nəfərdir, bax, Federal Penitensiar Xidmətdə bu qədər adam var. Nə üçün onlar mülki şəxsləri çağıracaqlar? Yəni beş milyon təbəə ölkə boyu ora-bura qaçacaq. Və bir milyon polis səfərbərliyə almaq üçün  onların arxasınca düşəcək”, - Navalnı məhkəmə iclasında deyib.





“Aparılan müharibə cinayətkardır, getdikcə pisləşir, dərinləşir və Putin bütün bunlara mümkün qədər daha çox insanı cəlb etməyə calışır. O, yüz minlərlə insanı bu qana bulaşdırmağa çalışır”.





Navalnının həmkarı İvan Jdanov (Rusiyada “xarici agent” kimi tanınır) “YouTube” kanalında “Popular Politics”-də bildirib ki, Aleksey Navalnının komandası müharibəyə qarşı istənilən aksiyaya dəstək verməyə hazırdır.





Navalnının digər yaxın silahdaşı Leonid Volkov (Rusiyada “xarici agent” kimi tanınır) total səfərbərliyin “qismən səfərbərlik” altında gizləndiyini irəli sürür: “Sadəcə, kasıb və depressiyaya uğramış bölgələrdə onlar kvotanı nisbətən asanlıqla doldura biləcəklər, amma daha asudə bölgələrdə basqınlar və digər mümkün hər şey olacaq: onlar, sadəcə, əllərinə keçən hər kəsi tutacaqlar. Çünki könüllü yoxdur”.





Feminist Müharibə Əleyhinə Müqavimət  (FAS) də etirazlara dəstək verib: "Tarix boyu müharibə əleyhinə ən mühüm etiraz aksiyalarından biri qadınların və anaların etirazıdır. Dünən çeçen analar müharibəyə qarşı aksiyada iştirak edəcəklərini artıq bəyan ediblər. Bu gün "Vesno" hərəkatı səfərbərliyə qarşı aksiya elan edib və biz bir feminist hərəkat olaraq “Vesno” çağırışına qoşuluruq” – onlar yazıblar.





“Vestka” nəşri sərhəddə yerləşən Belqorod, Kursk və Bryansk vilayətlərində regional ictimaiyyətin reaksiyasını öyrənib. Səfərbərlik xəbərinə münasibət bildirən sosial şəbəkə istifadəçiləri qohumlarını döyüşə göndərməyə hazır olmadıqlarını yazıb və ilk növbədə, müharibə tərəfdarlarının və məmurların səfərbərliyini təklif ediblər.





“Yaxşı, mən “siyasətdən kənar” olduqlarını düşünənlərə atəşin salam göndərmək istəyirəm”, – Mixail Xodorkovski tvitində yazıb. – Ola bilər ki, “Xodorkovski və Navalnını həyasızlıqlarına görə, məni isə heç nəyə görə” deyirlər. İndi isə heç kimə laızm olmayan  müharibənin səngərlərinə".









Rusiyada hərbi səfərbəylik








“Dəstək Xidməti” layihəsi səfərbərliyə dair məsləhətlər verən botu işə salıb: ilk növbədə, müharibəyə getmək istəməyənlər üçün.





“Yumşaq güc” müxalifət hərəkatı change.org saytında səfərbərliyə qarşı petisiyaya başlayıb. Putinin müraciətindən bir neçə saat sonra o, 200 mindən çox imza toplayıb.





“Müharibə partiyası” nə deyir




Eduard Limonovun təsis etdiyi “Druqaya Rossiya” partiyasının Siyasi Şurası səfərbərliyi alqışlayıb. Partiya müharibəni dəstəkləyir, bir çox milli bolşevik 2014-cü ildən Donbasda döyüşür. “Yoldaşlar, sizi yeni Dünya Müharibəsinin başlaması münasibətilə təbrik edirik!”- Siyasi Şura sentyabrın 21-də bəyan edib.





“Ukrayna dövlətinə qarşı dəfələrlə çağırdığımız total müharibə qaçılmaz olaraq bizə düşmən olan ölkələrin reaksiyasına səbəb olacaq. Münaqişəyə yeni tərəflər cəlb olunacaq və dünyanın yenidən bölünməsi başlayacaq. Mövcud dünya nizamı məhv edilməlidir və məhv ediləcək”, - partiyanın bəyanatında deyilir.





Onlar bütün partiya üzvlərini və rəğbət bəsləyənləri səfərbər olmağı gözləmədən müharibəyə getməyə çağırıblar. Müraciət Stalinin məşhur sitatı ilə yekunlaşıb: "Bizim işimiz ədalətlidir. Düşmən məğlub olacaq. Qələbə bizim olacaq".





VGTRK hərbi komandiri Yevgeni Poddubnı təkid edir ki, əgər Qərb vaxtında fikrini dəyişsəydi, səfərbərlik olmayacaqdı.





"Fevralın 24-dən bəri Rusiya sülh dövrünün ordusu ilə döyüşür, ilk həftə onlar, ümumiyyətlə, qan tökməməyə çalışırdılar, sağlam düşüncənin hələ də qalib gələcəyi ümidiylə döyüşürdülər. Lakin kollektiv Qərb üçün Ukrayna, sadəcə olaraq, Rusiyaya qarşı vuruşan bir qoçdur. Kiyev rejimi müasir Qərb silahlarını aldı, Kiyev rejimi sursat, pul aldı. Bu müharibədən qaça bilmədik, onsuz da olacaqdı. Səfərbərlikdən də qaça bilmədilər. Bizim düşmənimiz Kiyev rejimi deyil, Şimali Atlantika Alyansıdır”, -o, RT üçün köşə yazısında yazıb.





Yevgeni Poddubnı yazısını Putindən bir sitatla bitirib: “Rusiyanın olmadığı dünya bizim nəyimizə lazımdır?”





Kreml yönümlü KİV-in bəzi hərbi müxbirlərinə Putinin qərarı kifayət qədər radikal görünmürdü. "Nəyi bəyənmədim, artıq bağışlayın: "hərbi vəziyyət olmadan qismən səfərbərlik." Bu, yenə də  kriptobanderitlərin rifahı üçün narahat olan beynəlxalq hüquq ontingentinə yarımzərbədir? - "Komsomolskaya Pravda"nın müxbiri Dmitri Steşin prezidentin sözlərini şərh edib.





Şoyqunun sözləri təbliğatçı Semyon Peqova xoş gəlməyib: o, 5937 ölü sayını açıqlayıb. Bu rəqəm təkcə müharibənin əleyhdarlarına deyil, tərəfdarlarına da çox az görünür. "Biz Şoyquda necə olduğunu bilmirik, amma bizdə çoxdur..." – deyə o yazıb.





Hərbi müxbir Yuri Kotenok sevinir ki, indi aydın oldu: bu, “xüsusi əməliyyat” deyil, həqiqi müharibədir. "Rusiyada bizim insanlar heyrətamizdir, ağırdılar, tələsməzlər, bəzən hətta asta düşünürlər. Amma onlar açıq, dürüst, birbaşa, Vətəni sevən insanlardır. 8 aylıq döyüşlərdən sonra təxmin edərək abunəçi soruşur: «Əgər qismən səfərbərlik elan olunubsa, ola bilərmi ki, artıq bu, xüsusi hərbi əməliyyat deyil? " Bəli, müharibədir. Uzun müddətdir, ən azı 2014-cü ildən bu teatr” (hərbi əməliyyatlar teatrı) gedir”, - deyə Kotenok yazıb.