Putin sülhü rədd edir: Ukrayna qoşunları Donbasdan çıxarsa, döyüşlər dayandırılacaq
28 Noyabr 2025
Rusiya prezidenti Vladimir Putin deyir ki, ABŞ və Ukraynanın müzakirə etdiyi sülh planı layihəsi Ukraynada münaqişəni dayandırmaq üçün razılaşmaların əsasına çevrilə bilər. Amma bu alınmasa, Rusiya əməliyyatları davam etdirəcək.
"Ümumiyyətlə, biz bunun gələcək razılaşmalar üçün əsas ola biləcəyini qəbul edirik", – deyən Putin onu da əlavə edib ki, ABŞ və Ukraynanın Cenevrədə müzakirə etdiyi plan Rusiyaya təqdim olunub.
"Reuters" xəbər verir ki, Putinin sözlərinə görə, ABŞ Rusiyanın mövqeyini nəzərə alır, amma hələ müzakirəsi vacib məsələlər var. Putin deyir ki, Avropa onlara hücum olunmayacağına təminat istəyirsə, Rusiya belə bir təminat verməyə hazırdır.
Rusiyadan hələ də döyüşü dayandırmaq tələb olunur, - Putin vurğulayıb.
"Interfax"ın yazdığına görə, Putin deyib ki, Ukrayna Donbasda tutduğu ərazilərdən çıxacağı halda, əməliyyatlar dayandırılar.
"Ukrayna qoşunları tutduqları ərazilərdən çıxmalıdır, bundan sonra döyüşlər dayanacaq. Çıxmasalar, buna silahla nail olacağıq. Bu qədər", – Putin bildirib. O, Rusiya qüvvələrinin Ukraynada daha sürətlə irəli getdiyini əlavə edib.
Uitkoff ilə bağlı iddiaları "cəfəngiyat" adlandırıb
Rusiya prezidenti ABŞ-nin xüsusi elçisi Stiv Uitkoffun Ukrayna üzrə sülh danışıqlarında Moskvaya meyllənməsi haqda iddiaları "cəfəngiyat" adlandırıb.
S.Uitkoffun gələn həftə Moskvaya səfər edəcəyi gözlənilir. Bu həftə ABŞ ilə Ukrayna təmsilçiləri Cenevrədə, daha sonra ABŞ Rusiya nümayəndə heyəti ilə Əbu-Dabidə görüşüb.
Cenevrə danışıqlarında ABŞ-nin ilkin 28-bəndlik planı 19 bəndə salınıb. Ukrayna rəsmilərinin dediyinə görə, Kiyevə təhlükəsizlik qarantiyaları daxil olmaqla ən həssas məsələlər müzakirə olunur. ABŞ-nin ilkin təklifində Kiyevdən ərazi güzəştləri, ordusunun sayına məhdudiyyət qoyması, NATO-ya üzvlük niyyətindən əl çəkməsi tələb olunurdu. Kiyev isə bunları təslimçilik sayır.
"Bloomberg" agentliyi bu həftə S.Uitkoffla Kremlin xarici siyasət üzrə müşaviri Yuri Uşakovun telefon söhbətinin transkriptini yayıb. Söhbətdə Ukraynadakı müharibənin sülh yoluyla tənzimlənməsi müzakirə olunur. Tərəflər telefon söhbətini təkzib etməyiblər. Ağ ev də səs yazısının həqiqiliyini şübhə altına almayıb, Uitkoffun sadəcə öz işini gördüyünü deyib.
Bəzi amerikalı konqresmenlər Uitkoffu tənqid ediblər, onların fikrincə, o, Rusiya təmsilçisinə ABŞ ilə necə işləmək təlimatı verib.