Logo
news content
User
Kateqoriyalar

Xəbər

PUA-lardan sonra ballistik raketlər - İran Rusiyaya yeni silahlar verir?

İran gizli şəkildə Rusiyaya təkcə pilotsuz aparatlar deyil, həm də “yer-yer” tipli ballistik raketlər verməyə razılaşıb. Bu barədə “The Washington Post” ABŞ kəşfiyyat xidmətlərindəki mənbələrə istinadən məlumat yayıb.

Söhbət uçuş məsafəsi müvafiq olaraq 300 və 700 kilometr olan “Fateh-110” və “Zülfikar” raketlərindən gedir. Həmçinin nəşrin məlumatına görə, İran Rusiyaya onlarla “Mohajer-6” və “Şəhid-136” kamikadze pilotsuz aparatlar tədarük etməyi planlaşdırır.

Bir müddət əvvəl isə İranın xarici işlər naziri Ukraya müharibəsində istifadə olunması üçün ölkəsinin Rusiyaya silahlar vermədiyini və bundan sonra da verməyəcəyini deyib.

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian bazar günü Portuqaliyanın müdafiə naziri ilə telefon danışığında bildirib ki, İran heç bir ölkəyə Ukrayna müharibəsində istifadə oluna biləcək silahları vermir və verməyəcək.

Bu barədə CNN məlumat yayıb. Bir müddət əvvəl Amerika və Kiyev kəşfiyyatı Rusiya tərəfinin Ukrayna ərazilərinə hücum etmək üçün İranın kamikadze dronlarından istifadə etdiyini iddia etmişdi.

Məlumatda vurğulanır ki, əslində bununla nazir İranın neytrallığını elan edib.

“Biz hesab edirik ki, münaqişənin hər iki tərəfini silahlandırmaq yalnız müharibəni uzadacaq və biz Ukraynada və ya Əfqanıstanda, Suriyada və ya Yəməndə müharibələrin aparılmasını düzgün hesab etmirik" - nazir bildirib.

Həm hərbi qurumlar, həm də dünya mediası dəfələrlə İranın Rusiyanı pilotsuz döyüş aparatları ilə təchiz etdiyi barədə məlumat yayıb.

Hətta həmin məlumatlarda iddia olunur ki, İranın Rusiyaya satdığı PUA-lar "Şahed-136" kamikadye dronlarıdır və onların sayı təxminən 2400-dür.

"The Washington Post" qəzeti avqustun sonlarında İranın ilk pilotsuz uçuş aparatlarının Ukraynadakı müharibədə istifadə üçün Rusiyaya çatdığını yazıb. Sentyabrda Odessa şəhəri və Odessa vilayətində bir neçə PUA zərbələri qeydə alınıb.



Oktyabrın 15-də Zaporojye vilayətinin başçısı Aleksandr Starux bildirib ki, İranın “Şahed-136” kamikadze pilotsuz aparatları tərəfindən Zaporojyeyə dörd zərbə endirilib.

Oktyabrın 17-də Avropa İttifaqı xarici işlər nazirləri İranın Rusiyaya kamikadze pilotsuz aparatlar tədarükünü və buna cavab olaraq potensial sanksiyaları müzakirə etməyi planlaşdırır.