Logo
news content
User
Kateqoriyalar

Xəbər

Proqnoz: İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

2030-cu illərin ortalarınadək islam dininin xristianlığı geridə qoyaraq dünyanın ən böyük dininə çevriləcəyi gözlənilir. "Pew" Araşdırmalar Mərkəzi noyabrın 18-də belə bir proqnoz açıqlayıb.

Bunun əsas səbəbi müsəlman qadınlar arasında doğum səviyyəsinin daha yüksək olmasıdır.

Xristianlıq əsrlər boyu dünyada ən çox ardıcılı olan din sayılıb. Amma müsəlman əhalinin sayı daha sürətlə artır və 2035-ci ildə dünyada müsəlmanların sayının 2.57 milyarda, xristianların sayının isə 2.52 milyarda çatacağı gözlənilir.

İndiki tendensiyalar davam edərsə, 2070-ci ildə dünyada müsəlmanların sayı 3.6 milyarda, xristianların sayının isə 3 milyarda çatacağı proqnozlaşdırılır. Belə olacağı halda, islam dünya əhalisinin 37 faizini təşkil edəcək. 2020-ci ildə bu göstərici 26 faiz idi. Xristianların dünya əhalisindəki payının isə 29 faiz civarında qalacağı və ikinci yerdə qərarlaşacağı gözlənilir.

2020–2025-ci illərdə hər müsəlman qadına orta hesabla 3.1, hər xristian qadına isə 2.5 uşaq düşüb. Digər bütün dini qruplar üzrə bu göstərici 1.6 olub.

Əhalinin özünü yeniləməsi üçün 2.1 zəruri göstərici hesab olunur.

"Pew" əvvəlki tendensiyalara əsaslanaraq bildirir ki, gələcəkdə həm islamı, həm də xristianlığı tərk edərək başqa dinlərə keçənlərin sayı artacaq. Amma müsəlmanlar arasında bu itki xeyli az olacaq. Belə ki, 2020–2070-ci illərdə dinini dəyişənlər səbəbindən müsəlmanların sayı 8 milyon, xristianların sayı isə 105 milyon nəfər azalacaq.