Logo
news content
User
Kateqoriyalar

Xəbər

Mertz Rusiyaya qarşı sanksiyaların ləğvini istisna etməyib

Almaniya Kansleri Fridrix Mertz Ukrayna münaqişəsinin nizamlanmasında irəliləyiş əldə olunacağı təqdirdə Rusiyaya qarşı sanksiyaların mərhələli şəkildə ləğv edilə biləcəyini bildirib.

Mertz bu barədə Berlində Ukrayna üzrə “İstəklilər koalisiyası”nın görüşünün yekunlarına dair mətbuat konfransında danışıb.

“Məqsədimiz suveren Ukraynanın təhlükəsiz Avropada mövcudluğunu təmin etmək olub və belə də qalır. Ərazi məsələləri üzrə qarşılıqlı anlaşma üçün başlanğıc nöqtəsi təmas xətti olmalıdır”, – deyə kansler vurğulayıb.

Onun sözlərinə görə, Ukrayna Avropaya inteqrasiya yolunu davam etdirmək və ölkənin bərpası üçün beynəlxalq yardıma arxalanmaq imkanına malik olmalıdır.

“Bunun müqabilində müəyyən şərtlər əsasında Rusiyaya qarşı sanksiyaların tədricən ləğvi mümkündür”, – Mertz bildirib.

Kansler xatırladıb ki, Ukrayna münaqişəsinin mümkün nizamlanması üzrə danışıqlarda Avropanı Böyük Britaniya, Almaniya, İtaliya, Polşa və Fransadan ibarət “Avropa beşliyi”, eləcə də Avropa İttifaqının institutları təmsil edəcək.

Mertz həmçinin cümə axşamı axşam saatlarında Berlində Avropa ölkələri, ABŞ və Ukrayna nümayəndələrinin müşavirləri səviyyəsində görüş keçiriləcəyini açıqlayıb.