Moskvada 10-cu sinif şagirdinə terror ittihamı ilə 5 il həbs kəsilib
20 Noyabr 2026
Moskvada İkinci Qərb Dairə Hərbi Məhkəməsi Moskva vilayətindən olan 10-cu sinif şagirdini terror aktı törətməkdə təqsirli bilərək, cəzasını tərbiyə koloniyasında çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edib. Hökm barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb. Məhkəmə dəmir yolu avadanlıqlarının yandırılmasını terror aktı kimi qiymətləndirib. 2010-cu il təvəllüdlü məhkumun adı açıqlanmır.
İstintaqın versiyasına görə, 10-cu sinif şagirdi Naxabino–Anikeyevka dəmir yolu sahəsində iki rele şkafının, Moskva vilayətindəki Dedovsk stansiyası yaxınlığında isə rele və akkumulyator şkaflarının üzərinə benzin tökərək onları yandırıb. O, bunu Telegram-da tanımadığı bir şəxsin tapşırığı ilə edib. Məlumatda yeniyetmənin yandırma prosesini videoya çəkərək həmin şəxsə göndərdiyi bildirilir.
Müdafiə tərəfi məhkəmədə deyib ki, yeniyetmə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşlarına kömək etdiyinə və onların "Ukrayna diversantlarını ifşa edib saxlamaq" tapşırığını yerinə yetirdiyini düşünüb.
Ukraynada müharibə başlayandan sonra Rusiyada onlarla azyaşlı Telegram-da naməlum şəxslərin tapşırığı ilə törətdikləri yanğınlara görə "diversiya" və ya "terror aktı" maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub. Təqsirləndirilənlərin ən kiçiyinin 14 yaşı var. Onların çoxu dələduzların qurbanına çevrildiklərini və ya tapşırıqları pul qarşılığında yerinə yetirdiklərini bildirirlər.